“Asan imzanı belə gördüm”- Azər Həsrət

20-10-2014 / 17:41

Xeberler.az sosial media üzrə ekspert Azər Həsrətin Asan imza ilə bağlı məqaləsini təqdim edir.

"Söz vermişdim “Asan imza”yla bağlı daha bir yazım olacaq. Yazıram.

Bütün hüquqi şəxslərin bu il oktyabrın 1-dək “Asan imza” sertifikatı əldə edib əmək müqavilələrini e-qeydiyyata aldırması məcburidir. Bunun üçün hər kəs səfərbər edilmişdi və proses də, deyəsən, problemsiz sona çatıb. Yəni hər kəs “Asan imza”sını əldə edərək əmək müqavilələrini qeydiyyata aldıra bilib. Elə mən də. Başçılıq etdiyim qurum üçün bu imzanı əldə edib əmək müqavilələrini müvafiq qaydada qeydiyyata aldırmışam. Özü də bu prosesi təşkilat adına şəxsən özüm etdim, görüm proses necə gedir. Ümumiyyətlə isə bu qədər tələskənliyin və basabasın bir mənası və faydası varmıydı? Elə bu yazımda bu suallara cavab verməyə çalışacağam.

Hər şeydən öncə təkrar qeyd edim ki, “Asan imza” üçün sentyabrın 19-da müraciət etmişdim. Növbə əlindən vaxtında bunu etməyin çətinliyi haqqında yazı da yazmışdım:“Adı “asan”, özü çətin”. Amma təkidli cəhdlərdən sonra internetdə bir həftə sonra üçün, yəni sentyabrın 27-nə növbə tuta bilmişdim və elə həmin gün də imza sertifikatını əldə etmiş, müqavilələri də qeydiyyatdan keçirmişdim. Bunlar işin qısa xülasəsidir və təbii ki, o qaçaqaçda suallara zaman ayırmaq olmazdı. Amma rastlaşdığım problemlər, onlardan doğan suallar və gözlədiyim cavablar haqqında indi danışmaq istərdim.

Asan imza üçün simkartı sentyabrın 18-də əldə etdim. Operatorlardan birinə müraciət etdim, mövcud nömrələrimdən birinin üzərinə əməliyyat aparıldı, müvafiq ödəmələr edildi və yeni simkart verildi. Bununla da “Asan imza” üçün 1-ci mərhələni uğurla başa vurdum. Amma suallarım yarandı və istərdim ki, onları bir-bir sıralayım.

Birincisi, bu prosesdə simkart niyə dəyişdirilir və dəyişdirilməsə nə baş verə bilər? Yəni olmazdımı ki, proseslər mövcud simkartla həyata keçirilsin?

İkincisi, niyə yeni simkart pulludur? Özü də nə az, nə çox, düz 18 manat! Bu qiyməti simkart satanlar nəylə izah edə bilərlər? Yəni əvvəllər pulsuz və ya 3 manata aldığımız simkartın bənzər dublikatı niyə 18 manata satılır?

Üçüncüsü, hər ay balansdan 50 qəpik xidmət haqqı çıxılacaq. Bunu da anlamadıq. Niyə və ümumiyyətlə hansı xidmət üçün? Bəlkə mən aylarla heç o imzadan istifadə edən deyiləm, niyə xidmət haqqı ödəməliyəm?

Həm də anlamadığım daha 3 manat pul tutuldu. Açığı, bunun nə anlama gəldiyini xidmətçi xanımdan da tam aydınlaşdıra bilmədim.

Göründüyü kimi, “Asan imza” üçün operatorla müqavilə bağlarkən bu qədər sual doğub və bu suallara uyğun cavablar verilməsini istərdim.

Artıq operatorla uyğun müqavilə bağlandığı üçün imza sertifikatı müraciətimi edə bilərdim. Etdim və yuxarıda qeyd etdiyim kimi, sentyabrın 27-də onu əldə etdim.

“Asan imza” üçün müraciət etdiyim 2 saylı “Asan xidmət” mərkəzi haqqında fikirlərimi paylaşmaq istərdim.

Buraya ilk dəfə ayaq basırdım. Haqqında eşitmişdim, özü də yalnız xoş sözlər. Elədir ki var, doğrudan da. Hər şey yüksək səviyyədə. Könüllü gənclər də hər addımda sizə yardımçı olmağa hazırdır. İnternetdə tutduğum növbəyə uyğun lazımlı masaya yaxınlaşıram. Gənc bir oğlan gülər üzlə, nəzakətlə sənədlərimi alıb bir neçə dəqiqənin içərisində məsələni həll edir. Necə deyərlər, ruhum da incimir. O qədər məmnun, xoş bir əhvalla çıxıram ki, burdan, özümə də ləzzət eləyir. Üstəlik, həmin gün 2 dəfə hava limanına tələsən biri olaraq. Bu imza sertifikatını aldıqdan sonra evə gəlib qaçarağı əmək müqavilələrini qeydə aldırmalı, hava limanına gedib Moskvadan qayıdan xanımımı qarşılamalı, evə gətirib yola hazırlaşmalı, Qazaxıstana yola düşməliydim. Yəni bu qədər qaçaqaçda olduğum bir durumda müqavilə qeydiyyatı da bir yandan.

İmza sertifikatını alıb dərhal evə gəldim. Müqavilələrin qeydiyyatına başladım və burda da suallar yaranmağa başladı.

Birincisi, xidmətin bəzi çatışmazlıqları var. Onlar həll edilmədən bu xidməti belə tez-tələsik istifadəyə vermək nəyə lazım idi axı?

İkincisi, mənim kimi yeni texnologiyalardan yetərincə yüksək səviyyədə baş çıxaran birisi ilk addımda sistemi anlamağa çətinlik çəkirsə, deməli, bunun daha asan və əlçatan olmasını təmin etmək lazımdır. Yenə də sağ olsun Mətbuat Şurasından Arzu xanımı; “dosta zəng”lə bu mərhələni keçməkdə mənə yardımçı oldu.

Üçüncüsü, əmək haqqıyla bağlı qrafada bir işçi üçün 85 manat göstərdim, xəbərdarlıq edildi ki, bu rəqəm minimum əmək haqqına uyğun deyil. Məntiqlə, bu sistemdə daha bir seçənək olmalıydı ki, adamın yarımştat işçi olduğunu göstərə bilək. Elə bir seçənək yoxdur, sistem də xəbərdarlıq edir ki, bu qədər əmək haqqı yolverilməzdir.

Dördüncüsü, işçinin vəzifə məsələsi də çox qarışıqdır. Açığı, bir QHT rəhbəri olaraq bu məsələdə mənə seçim etmək çox çətin oldu.

Beşincisi və ən önəmlisi isə müqavilənin qeydiyyatı zamanı yaşanan siçan-pişik oyunudur. Bəli, bunun adı belədir. Şəxsən mən başqa ad tapa bilmədim!

Deməli, sistemə daxil olmaq üçün uyğun xanaları doldurulur, sizin telefonunuza bir ismarıc gəlir. Onu təsdiqləməlisiniz. O zaman balansdan 3 qəpik silinir! Ardından müvafiq xanaları doldurub müqaviləni təsdiqləmək istəyirsiniz. Yenə də bir ismarıc gəlir. Təsdiqlədikdə yenə də 3 qəpiyiniz silinir. Beləliklə, hər müqavilə üçün ən azı 6 qəpik əlavə pul ödəməli olursunuz! Niyə, nəyə görə? Bu sualın cavabı məni çox maraqlandırır.

Ümumiyyətlə isə bir şeyi anlaya bilmirəm ki, bu xidməti, örnək üçün, Google və bənzəri xidmətlərdə olduğu kimi gerçəkləşdirmək mümkün deyildimi? Google-da bənzər təhlükəsizlik və təsdiq imkanından şəxsən istifadə edirəm və buna görə nə məndən xidmət haqqı tələb edən var, nə də simkart dəyişikliyi. Sadəcə, telefona bir kod göndərilir, o kodu götürüb xidmətin uyğun xanasına yazmaqla öz kimliyini təsdiqləyirsən, olur bitir. Bu “Asan imza” icad edənlər belə bir gerçəkdən asan xidmət varkən niyə özlərindən velosiped icad ediblər görəsən?

Bu sualın cavabı, çox sadədir: kimlərsə bundan pul qazanır. Özü də külli miqdarda və haqsız yerə. Bəli, dünyanın ən sadə və pulsuz istifadə etdiyi xidmətlərə görə bunlar bizdən xeyli pul tələb edirlər! Kimdir bütün bunları icad edən? Kimdir ümumiyyətlə vətəndaşı bu cür oyunlarla təngə gətirən? Axı, cənab prezident İlham Əliyevin şəxsən diqqət və qayğısıyla əhatə olunmuş, vətəndaşların yüksək bəyənisini qazanmış “Asan xidmət” konsepsiyası buna hesablanmayıb. Niyə kimlərsə bu “Asan” halala haram qatmaq yolu tutub? Niyə imkan vermirsiniz ki, cənab prezident bu ölkədə vətəndaşı, insanları narazı salacaq halların aradan qaldırılmasında son nəticəni əldə edə bilsin? İndi hansısa mobil xidmət operatorlarına əlavə gəlir mənbəyi əldə etməkdən ötrü milyonlarla vətəndaşı narazı salanların məqsədi nədir axı? Niyə mənim cibimə girməlisiniz siz?

Məncə, bu “Asan imza” məsələsi pul tələsindən başqa bir şey deyil. Bu işi pulsuz etmək varkən, vətəndaşları bu qədər sıxma-boğmaya salıb tez-tələsik yarımçıq bir sistemi dövriyyəyə buraxanlar yalnız və yalnız kimlərinsə cibini doldurmaqdan başqa bir şey düşünməyiblər.

Təəssüf, çox təəssüf!"

Azər Həsrət

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə