GƏLƏCƏYİMİZİN ÖZÜLÜNÜ QAZIYANLAR ( 1-ci məqalə)

19-09-2008 / 18:49

(1-ci məqalə)

2007-ci ilin sonunda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər)” icrası başa çatdı. Lakin bu proqram da indiyədək qəbul edilmiş bənzər dövlət sənədlərini əksəriyyəti kimi, vəd olunan nəticələrin heç birinə nail ola bilmədi.

Nazir Misir Mərdanovun söz verdiyi kimi, nə vahid təhsil-informasiya mühiti yarandı və 10 000 iş yeri açıldı, nə də nazirin hesabatlarda saxta rəqəmlərlə anlatdığı kimi, 28 şagird - 1 kompüter nisbətinə nail olundu. Arada Azərbaycan xalqının bir çox başqa dərdlərinin çözülməsinə xidmət edə biləcək 30 milyon manat (təxminən 35 milyon dollar) xərcləndi, it-bata düşdü. Elə biz də bu vəsaitlərin hardan gəlib hara getdiyini aydınlaşdırmağa çalışdıq.

Əslində proqram böyük vədlərlə dolu idi. Açığı, həmin proqram barədə eşidərkən mən də məktəb illərində kompüter haqqında təsəvvürü olmayan biri kimi dövrün ən kasıb balalarını belə çox şanslı sanmışdım. Dövlət qurumlarının internet resurslarından heç də asan başa gəlməyən (bunu informasiyaların ictimaiyyətə açıqlılığının “asanlığını” dəyərləndirərək vurğulamaq gərək) axtarışlar nəticəsində yalnız proqramın özünü və onun qəbul edilməsi barədə dövlət başçısının sərəncamını tapa bilərsiniz. Prezident İlham Əliyevin 355 saylı 21 avqust 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təminatı Proqramı (2005-2007-ci illər)” təsdiq olunub. Proqramın baş icrası və əlaqələndiricisi isə Azərbaycanın Təhsil Nazirliyi təyin edilib.
Sənədlə tanış olarkən məlum olur ki, onun ikinci əsas icraçısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Sənədin məqsədi yeni informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara təhsil almağa bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin analoji dünya təhsil sisteminə imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq idi. Bunun üçün proqram ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərin öz fəaliyyəti sahələrində yeni informasiya və kommunikasiya texnologiyaları ilə təminat, onlardan istifadə edilməsinin öyrədilməsi, elektron dərsliklər, elektron kitabxananın təşkili, şagirdlər üçün təhsil portalının və saytların yaradılması və s. bu kimi vəzifələri öz üzərinə götürmüşdü. Lakin...
Gəlişigözəl vədlərlə dolu proqram

Proqramda bildirilirdi ki, bu günə (yəni 2005-ci ilə - proqramın qəbul edilməsi zamanına) informatika müəllimlərinə olan real tələbat 10 000 nəfərə yaxındır. Bir ildə 120 min nəfərlik iş yeri açacağını vəd edən dövlət başçısı İlham Əliyevlə ayaqlaşmaq iddiasında olmasa da, təhsil naziri Misir Mərdanov layihənin həyata keçirilməsi nəticəsində 10 000 iş yeri ərsəyə gələcəyini vəd etmişdi. Daha sonra 4521 məktəbin kompüterlə təmin olunacağı, ölkədəki ümümtəhsil məktəblərində hər 33 şagirdə 1 müasir (məhz müasir!) kompüter düşəcəyi, şagird və müəllimlərin ümumi informasiya mədəniyyətinin formalaşacağı, yeni informasiya təhsil mühitinin yaradılacağı və informasiya cəmiyyətinə keçidin reallaşdırılacağı kimi nəticələrin ortaya qoyulacağına söz vermişdi. Və təbii ki, vəd olunanların əsasən büdcə hesabına yerinə yetirilməsi nəzərdə tutulurdu.

Nə gedir, xalqdan gedir?

Artıq bəllidir ki, dövlət büdcəsi Azərbaycan dövlətindən daha çox, “Azərbaycan hökumətinin cibi” kimi anlaşılan məfhuma çevrilib. Ona görə ki, ordan nəyin hara və necə xərcləndiyi barədə dövlətin əsl sahibi olan xalqa hər hansı açıqlama verilmir. Proqram layihəsinə Təhsil Nazirliyinin  rəsmi açıqlamalarına görə, 29 milyon 482 min AZN vəsait ayrılıb ki, bu da texniki avadanlığın alınması, proqram təminatı, pedaqoji kadrlara treninqlərin keçirilməsi, layihənin idarə olunması və normativ hüquqi sənədlərin hazırlanmasına xərclənib. Təhsil kimi strateji bir sahə üçün bəlkə heç yetəri qədər deyil, ancaq səmərəli xərclənəcəyi halda bu vəsaitlə böyük işlər görmək mümkün idi.
Lakin hər zaman təhsil sahəsi ilə bağlı giley-güzarlı çıxışlar edən nazirliyin keçmiş əməkdaşı Etibar Əliyev proqrama ayrılmış vəsaitlərin yelə verildiyni bildirir. E.Əliyevin sözlərinə görə, proqram çərçivəsində alınmış kompüterlərin qiyməti gerçək qiymətlərdən qat-qat yüksək göstərilib: “Böyük həcmdə vəsaitlərin səmərəsiz xərcləndiyini söyləyə bilərəm. İKT proqramı tələm-tələsik məktəblərə kompüterlərin alınıb qoyulması, bəzi hallarda heç normal otaqlara deyil, zirzəmilərə qoyulması demək deyil” . Proqramın sistemsiz icra olunduğunu hesab edən E.Əliyevin sözlərinə görə, əvvəlcə kadr siyasətinə diqqət yetirilməli idi, sonra təchizata.
İlk baxışdan bir çoxları E.Əliyevin fikirlərini əvvəllər işlədiyi quruma qarşı şəxsi münasibətləri baxımından qərəzli saya bilər. Ancaq ekspertin fikirləri böyük bir proqram ətrafında sadəcə yeyinti və səhlənkarlıq sisi yaradırdısa, sonrakı digər ekspert qnənaətləri, aparılmış monitorinq və araşdırmalar bu sisin arxasında əslində korrupsiya qaranlıqlarının olduğunu təsdiqlədi. Ayrı sözlə, “proqram vəsaitləri yelə verilib” yox, “ayrı-ayrı hökumət yetkililərinin cibinə axıdılıb” demək daha doğru olardı.

Nazirliyin saytı hansı informasiya mühiti yaratdığının göstəricisidir

Qeyd edək ki, analoji proqramları həyata keçirən Türkiyə və Rusiyanın internet səhifələrini araşdırdıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytını onlarla müqayisə etməyə, sadəcə, utanc hiss etməyə bilmirsən. Əcəba, nazirliyin özü bundan utanc duyurmu? Xüsusilə Türkiyənin Milli Eyitim Bakanlığının saytı barədə qasa məlumat vermək yerinə düşərdi.
Bu saytda olan informasiya bolluğu (orada hətta 2004-cü ilin proje və proqramları ilə bağlı istənilən qədər məlumat var) ölkədə hansı informasiya mühitinin yaradıldığının göstəricisidir. İlkin şəkli kifayət qədər cəlbedici olsa da, bütün linkləri boş olan və arxiv anlayışı, elektoron əlaqə imkanları olmayan Azərbaycan TN bu veb səhifəyə görəsən indiyədək nə qədər vəsait “silib”. Misir Mərdanovun böyük büdcə vəsaitləri hesabına vəd etdiyi informasiya mühitinin ən başlıca göstəricisi elə nazirliyin saytıdır. Təkcə proqramın özü sayta qoyulsa da, onun maliyyə tərəfləri, kompüterlərlə təmin olunmuş məktəblər barədə məlumat (şagirdlərin sayı və kompüter nisbəti barədə hər hansı bilgi) əldə etmək mümkün deyil. Doğrudur, Təhsil Nazirliyinin məhsulları “Azərbaycan” qəzetində bu məsələ ilə əlaqədar ümumiləşdirilmiş məlumatları əks etdirən yazılarda proqramla bağlı müəyyən fikirlərini bildiriblər. Ancaq bu məlumatlar həqiqəti tam əks etdirmir.
Burada bir haşiyə çıxıb, mərkəz-şəhər və regionlar arasında ayrı-seçkilik şəraitində təhsil sisteminin qurulmasının Azərbaycan Konstitusiyasına zidd olduğunu xatırlatmalıyıq. Belə ki, Ana Yasamızın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” hissəsində təhsil hüququna aid maddəyə diqqət yetirsək görərik ki, maddənin birinci bəndində hər bir vətəndaşın təhsil almaq hüququ olduğu göstərilir. Beşinci bənddə isə dövlətin minimum təhsil standartları müəyyən etdiyi bildirilir. Konstitusiyanın hər kəsə bərabər hüquqlar verdiyini və İKT proqramının özündə də vətəndaşlara bərabər informasiya mühitinin yaradılmasının başlıca məqsəd olduğunu nəzərə alsaq, dövlətin istər paytaxt, istərsə də regionlarda vahid təhsil standartları müəyyənləşdirməli olması gərəkir. İKT proqramının icrası isə regionlarla paytaxt Bakı arasında ciddi ayrı-seçkiliklə müşayiət olunub.
Doğrudur, nazir ötən ilin yekunları ilə bağlı kollegiya çıxışlarında İKT proqramı sahəsinə kadr çatışmazlığı məsələsini ayrıca vurğulayıb. Ancaq unutmaq olmaz ki, etiraf etmək yetərli deyil, tədbir görmək, həm də səmərəli tədbir görmək gərəkdir. Təəssüf ki, proqram çərçivəsində nəzərdə tutulmuş kadr siyasəti olduqca uğursuz həyata keçirilib. Apardığımız monitorinq zamanı kompüter biliklərinin artırılması üçün bəzi rayonlarda ümumiyyətlə, iş görülmədiyini, bəzilərində isə bu işin zəif aparıldığını söyləməyə əsas verir.
Məsələn, monitorinq zamanı rayon təhsil şöbəsinin rəhbərliyi ilə söhbətdən aydın olub ki, Gədəbəyin müəllimləri üçün kompüter biliklərinə yiyələnmək məqsədilə hər hansı təlim keçirilməyib. Lənkəranda belə bir təlimlər keçirilsə də, olduqca zəif iş görülüb. Yəni keçirilmiş təlimlər keyfiyyətə nail olmaqdan daha çox, “iş görülüb” deyilməsinə əsas verəcək addım olaraq atılıb. İşin zəif olmasını deməyə əsas verən odur ki, hətta sözügedən təlimlərə qatılan müəllimlər də bu bilikləri şagirdlərə yetərincə çatdıracaq səviyyədə deyil və problem təkcə regionların problemi deyil.
Ümumilikdə proqram nəticəsində 10 000 iş yerinin açılacağı vəd edilsə də, üç il ərzində vur-tut 2055 iş yeri açılıb. Bu yerlərdə çalışanların isə heç də hamısı məktəblilərə informasiya bilikləri verəcək səviyyəyə malik deyillər. Demək, E.Əliyevin proqram çərçivəsində kadr siyasətinə diqqət yetirilmədiyi barədə söylədiyi fikirlər qərəzli deyilmiş.

Kompüterlərin böyük qismi yararsız vəziyyətdədir

İKT sahəsi üzrə müstəqil ekspert olan Osman Gündüzün sözlərinə görə, proqram çərçivəsində üç il ərzində 31700 kompüter alınıb. Bunlardan təxminən 21000 ədədi “KÜR” kompüterləridir. Qalanlarının isə müxtəlif markalı olduğu bildirilir. O.Gündüz məktəblər üçün alınmış 31700 kompüterlə bağlı ciddi problemlərin olduğunu təsdiqləyir. Onun sözlərinə görə, aparılmış müşahidələr göstərir ki, məktəblərə verilmiş kompüterlərin böyük bir qismi işləmir. Ümumiyyətlə, kompüterlərdən şikayətçi olanlar yetərincə var.
Maraqlıdır ki, əsas şikayətlər də elə “KÜR” kompüterlərindəndir. Monitorinq apardığımız region məktəblərinin bəzilərində “KÜR” kompüterlərini özümüz açmağa cəhd göstərdik. Bu prosesi gözləmək yetərincə zaman istəyir. Maraqlıdır ki, belə kompüterlərdə şagirdlərə nəsə öyrətmək mümkünsüzdür və heç məktəblilər də bir şey öyrənə bilmirlər. Bakının müxtəlif rayonlarında, həmçinin Lənkəran və Gədəbəy rayonlarının bir neçə orta təhsil müəssisəsində aparılan müşahidə və müsahibələr göstərir ki, xüsusilə rayon yerlərindəki məktəblərə verilmiş “KÜR” kompüterlərinin ən yaxşı halda yarısı işlək vəziyyətdədir.

(adrı var)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə