Nikola Tesla kimdir?

22-11-2014 / 14:41

Milliyyətcə serb olan, bu günsə artıq bəşəriyyətə məxsus dünya şöhrətli alim, mühəndis, fizik, elektrotexnika və radiotexnika sahələrində son dərəcə əhəmiyyətli ixtiralara imza atmış Nikola Tesla haqqında bu məqaləni yazmağa məni sosial şəbəkələrdən birinin internetdə yayımlanan kanalının Bakı şəhərində apardığı sorğu zamanı gənclərimizin əksəriyyətinin Tesla barədə heç bir məlumata malik olmadıqlarını etiraf etmələri məcbur etdi.

Tesla 10 iyul 1856-cı ildə keçmiş Avstriya-Macarıstan imperiyası, hazırda isə Xorvatiyanın ərazisində yerləşən Smilyan kəndində keşiş ailəsində anadan olub. Uşaqlıq və ilk gənclik illərini Avstriya-Macarıstanda keçirib, daha sonra Fransa və ABŞ-da işləyib, 1891-ci ildə ABŞ vətəndaşlığına qəbul edilib.

Atası onun dini işlərlə məşğul olmasını istəyirdi. Lakin 1873-cü ildə Teslanın tutulduğu vəba xəstəliyi onun həyatında dönüş nöqtəsi olur. Bu barədə Tesla öz xatirələrində belə yazır: “Uşaqlıqdan mənə keşiş yolu nəzərdə tutulmuşdu. Bu gələcək bir qara bulud kimi mənim üzərimdə asılmışdı. İmtahanlarımı verib yetkinlik şəhadətnaməsi alanda mən bir yol ayrıcında idim. Mən atamın sözündən çıxmalı, anamın sevgi dolu istəklərinə məhəl qoymamalı, yaxud da taleyə boyun əyməli idim. Bu fikir məni sıxır və mən gələcəyə qorxu ilə baxırdım. Mən valideynlərimə çox hörmətlə yanaşırdım və buna görə də ruhaniyyət elmləri ilə məşğul olmağa qərar verdim.

Məhz həmin vaxt əhalinin onda birini qıran dəhşətli vəba epidemiyası yayılmağa başladı. Atamın tapşırığına baxmayaraq mən məktəbi bitirdiyim digər şəhərdən evə qayıtdım və vəba məni də yaxaladı. Daha sonra vəba bədənimdə şişlərin, ağ ciyərimdə problemlərin və digər xəstəliklərin yaranmasına səbəb oldu. Doqquz ay yataqda, demək olar, hərəkətsiz vəziyyətdə xəstəlik sanki mənim bütün həyat gücümü almışdı və həkimlər məndən ümidlərini kəsmişdilər. Bu, fiziki əzabdan daha çox mənim yaşamaq istəyim üçün dözülməz təcrübə idi.

Növbəti şiddətli ağrılardan birində, hər kəsin artıq ölüm ayağında olduğumu düşündüyü vaxt atam sürətlə otağa girdi və mənə dəstək vermək üçün bu sözləri dedi: “Sən sağalacaqsan”.

Onun mənə ürək-dirək verməyə çalışdığı səs tonu ilə inandığı arasında təzad təşkil edən ölümcül bəyaz üzü indiyədək gözümün önündədir. Mən cavab verdim: “Əgər mühəndis işini öyrənməyimə icazə versən, bəlkə də sağaldım”.

“Sən Avropanın ən yaxşı təhsil müəssisəsinə daxil olacaqsan” deyə o təntənəli surətdə cavab verdi və bunu edəcəyini anladı.

Mənim qəlbimdən böyük bir yük götürüldü. Lakin əsl təsəlli yaşlı bir qadının lobya bulyonu ilə möcüzəli şəkildə məni sağaltmasından sonra gəldi. Burada təlqin, yaxud sirli bir təsir gücü yox idi. Bu vasitə tam mənada şəfa və çıxılmaz vəziyyətdə qəhrəmanlıq mənbəyi idi ki, o da öz təsirini göstərdi”.  

Qeyd olunmalıdır ki, Tesla əsasən sənaye inqilabının ikinci mərhələsi kimi adlandırılan dövrün yaranmasına rəvac verən dəyişən cərəyan, çoxfazalı sistemlər və elektrik mühərriki əsasında işləyən qurğunun yaradılması sahəsində elmə verdiyi töhfəyə görə məşhurlaşıb.

Teslanın tədqiqat diapazonu çox geniş olub. O, fırlanan maqnit sahəsi fenomenini aşkar edib ki, bunun əsasında elektrik generatorları inşa olunub. 1889-cu ildən yüksək tezlikli və yüksək gərginlikli elektrik cərəyanlarını araşdırmağa başlayıb, elektromexaniki generatorların və yüksək tezlikli transformatorların (Tesla transformatoru, 1891-ci il) ilk nümunələrini icad edib və bununla da elektrotexnikada yeni sahənin inkişafına yol açıb.

Onun elmi patentləri o qədər çoxdur ki, hətta onların mövzularını sadalamaq belə xeyli zaman alar. Bunların sırasında elektrik mühərrikləri, elektrik generatorları, transformatorlar, fluoressensiya lampaları, yüksək tezlikli avadanlıqlar, işıqlandırma sistemləri və digərlərini nümunə göstərmək olar. Onun siqnalların müəyyən məsafəyə simsiz ötürülməsi sahəsində işləri radio mühəndisliyinin inkişafına böyük təsir göstərib. Tesla “teleavtomatlar” adlandırdığı özüyeriyən və radio siqnallar vasitəsilə idarə olunan bir neçə mexanizm inşa edib, radiolokasiya prinsipini işləyib hazırlayıb.

1891-ci ildə Tesla ictimai mühazirə zamanı radiorabitə prinsiplərini izah edib və nümayiş etdirib. 1893-cü ildə özünü tamamilə simsiz rabitə məsələlərinə həsr edib və qüllə antenasını icad edib. Həmin il Tesla Popov və Markonini bir neçə il qabaqlayaraq ilk radioverici dalğa qülləsini inşa edib. Yeri gəlmişkən, 1943-cü ildə ABŞ-ın Ali Məhkəməsi bu ixtiranın ilk olaraq Teslaya məxsusluğunu təsdiqləyib.

Nikola Teslanın ixtiraları müasir elektrotexnikanın əsasını təşkil edir. Tesla o zaman üçün dünyada ən böyük hesab edilən Niaqara Hidroelektrik Stansiyasında istifadə edilən və onun tərəfindən işlənib hazırlanan 50000 at gücündəki generatorların quraşdırılması ilə beynəlxalq şöhrət qazanıb. Onu demək kifayətdir ki, dünyada ilk dəfə inşa olunan bu elektrik stansiyasında tətbiq edilmiş 13 patentin 9-u Teslaya məxsusdur. Bu layihənin maliyyələşməsində Morqan, Astor, Rotşild və Vanderbilt kimi o zamanın ən varlı insanları iştirak ediblər.

Bununla yanaşı Tesla efirin mövcud olduğu fikrinin tərəfdarı kimi də tanınır. O, materiyanın xüsusi forması kimi texnikada istifadə oluna biləcək efirin mövcudluğunu isbat etmək üçün çoxsaylı tədqiqatlar, təcrübələr aparıb.

Onu da qeyd etmək lazımdır ki, bu gün dünyada maqnit cərəyanı sıxlığının ölçü vahidi Teslanın adını daşıyır.

Müasirləri Teslanı “XX əsri kəşf etmiş insan” və müasir elektrik enerjisinin “müqəddəs hamisi” kimi dəyərləndirirdilər. Radionun nümayiş etdirilməsindən və daimi, yaxud dəyişən cərəyanın istifadə olunması uğrunda Tomas Edisonla Nikola Tesla arasında gedən “Cərəyanlar müharibəsi”ndə sonuncunun qalib gəlməsindən sonra Tesla görkəmli ixtiraçı və mühəndis-elektrotexnik kimi tanınmağa başlayıb. Teslanın ixtiraları müasir elektrotexnikanın əsasını qoyub və o zamanlar çox mühüm innovativ əhəmiyyət kəsb edib.

Teslanın çoxsaylı mükafatları sırasında Elliot Kresson qızıl medalını (1894), Con Skot medalını (1934), Ağ Şir Böyük xaç ordeninin kavalerini (1891) və 2-ci dərəcəli I Knyaz Danilo ordeninin kavalerini göstərmək olar. 1915-ci ildə Tomas Edison və Nikola Tesla eyni vaxtda Nobel mükafatına namizəd kimi təqdim olunub və onlara bu mükafatı yarı bölmək təklif edilib. Lakin hər iki ixtiraçının bir-birinə antipatiyası onların hər ikisinin bu mükafatdan imtina etməsi ilə nəticələnib. 1917-ci ildə Teslaya Tomas Edison medalı təqdim edilib, lakin o, bu mükafatı qəbuldan israrla imtina edib.

Edisonla Tesla arasında elmi rəqabət xaricində mövcud olmuş qarşılıqlı antipatiyanın səbəblərinin oxucuya daha çox aydın olması üçün, zənnimcə, burada Teslanın keşməkeşli və mübarizə ilə keçən həyatına qısa bir baxış keçirməyimiz məqsədəuyğun olardı.

Daha öncə gördüyümüz kimi, vəba xəstəliyindən sonra atası vədinə əməl edərək 1875-ci ildə Teslanı indiki Avstriyanın cənub-şərqindəki Qrats şəhərindəki ali texniki məktəbə göndərir. Tesla burada elektrotexnika sahəsində elmi biliklərə yiyələnməyə başlayır və elektrotexnika üzrə mühazirələrdə Qramm maşınını müşahidə edərək bu sabit cərəyan aparatının təkmil olmadığı qənaətinə gəlir. Lakin professor Yakov Peşel onun ideyasını kəskin tənqid edərək bütün kursun önündə elektrik mühərrikləri üçün dəyişən cərəyanın istifadəsinin mümkünsüzlüyü barədə mühazirə oxuyur.

1879-cu ildə Teslanın atası vəfat edir və ailəsi ciddi maddi imkansızlıqla üzləşir.

Dayıları Petar və Pavlın maddi dəstəyi sayəsində Tesla 1880-ci ildə Praqa Universitetinin fəlsəfə fakültəsinə qəbul olur. Lakin sadəcə bir semestr oxuduqdan sonra iş axtarmaq məcburiyyətində qalır.

1882-ci ildə Tesla Budapeştdə telefon xətlərinin çəkilməsi və mərkəzi telefon stansiyasının inşası ilə məşğul olan dövlət teleqraf şirkətində mühəndis-elektrik işləməyə başlayır. Həmin ilin fevral ayında Tesla daha sonra “fırlanan maqnit sahəsi” adını almış elektrik mühərriki fenomenini necə istifadə etmək üsulunu tapır. Lakin teleqraf şirkətindəki işi Teslaya dəyişən cərəyan elektrik mühərrikinin yaradılması fikrini həyata keçirməyə imkan vermirdi. Buna görə o, 1882-ci ilin sonu Parisdəki “Kontinental Edison” şirkətinə (Continental Edison Company) işə düzəlir. Şirkətin ən böyük işlərindən biri Strasburqda dəmiryolu vağzalı üçün elektrik stansiyasının inşası idi. 1883-cü ildə şirkət Teslanı yeni dəmiryolu vağzalının inşası zamanı işıqlandırma sistemində meydana gəlmiş problemlərin həlli üçün Strasburqa göndərir. Buradakı asudə vaxtlarında Tesla sinxron olmayan elektrik mühərriki modelinin hazırlanması üzərində işləyir və 1883-cü ildə bu mühərrikin işini Strasburq meriyasında nümayiş etdirir.  

1884-cü ilin yazında Strasburqdakı dəmiryolu vağzalındakı işini uğurla başa çatdıran Tesla şirkətdən bu iş üçün nəzərdə tutulan 25 min dollar məbləğində mükafatı almaq ümidi ilə Parisə qayıdır. Lakin qısa zaman sonra bu mükafatı ala bilməyəcəyini anlayan Tesla təhqir olunmuş halda işdən istefa verir.

İxtiraçının ilk bioqraflarından biri B.Rjonsnitski yazır: “Teslanın ilkin fikri Peterburqa getmək idi. Çünki həmin illərdə Rusiyada elektrotexnikanın inkişafı sahəsində xeyli mühüm araşdırma və ixtiralar edilmişdi. Pavel Yabloçkovun, Dmitri Laçinovun, Vladimir Çikolevin və digərlərinin məqalələri dünyanın elektrotexnika jurnallarında çap olunur və onların adları bütün ölkələrin elektriklərinə, o cümlədən Teslaya yaxşı tanış idi”.

Lakin son anda “Kontinental” şirkətin administratorlarından biri Çarlz Beçlor Teslanı Rusiya əvəzinə ABŞ-a getməyə inandıra bilir və öz dostu Tomas Edisona belə bir məzmunda tövsiyə məktubu yazır: “Belə bir istedada Rusiyaya getməyə imkan vermək bağışlanmaz səhv olardı. Cənab Edison, siz hələ mənə bu gənci Peterburqa getmək fikrindən daşındırmaq üçün bir neçə saatımı səfər etdiyimə görə minnətdar olacaqsınız. Mən iki dahi insan tanıyıram – bunlardan biri siz, ikincisi isə bu gənc oğlandır”. 

1884-cü ilin iyul ayında Tesla Nyu-Yorka gəlir və Tomas Edisonun şirkətində (Edison Machine Works) sabit cərəyan elektrik mühərriklərinin və generatorların təmiri üzrə mühəndis kimi işə başlayır. Edison Teslanın yeni ideyalarını son dərəcə soyuq qəbul edir və gənc ixtiraçının şəxsi mülahizələrinə qarşı zaman keçdikcə daha açıq etirazını bildirməyə başlayır. 1885-ci ilin yazında Edison özünün ixtira etdiyi sabit cərəyan elektrik maşınını konstruksiya baxımdan yaxşılaşdıra biləcəyi təqdirdə Teslaya 50 min dollar (hazırkı ekvivalenti ilə təqribən 1 milyon dollar) vəd edir. Tesla həvəslə işə başlayır və qısa müddət sonra Edison maşınının yeni komutator və tənzimləyici ilə istismar xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış 24 müxtəlif variantını təqdim edir. Edison bütün təkmilləşmələri qəbul edir, Teslanın mükafat barədə sualına isə: “Miqrantlar amerikan yumorunu pis başa düşürlər” şəklində cavab verir. Təhqir olunmuş Tesla dərhal istefa verir.

Edisonun şirkətindəki bir illik fəaliyyəti Teslaya işgüzar dairələrdə tanınmağa imkan yaradır və o, Nyu-Yorkda öz laboratoriyasını açaraq bəşəriyyətin gələcəyi naminə yuxarıda bir neçəsini qeyd etdiyimiz öz ixtiralarına imza atır.

Tesla 7 yanvar 1943-cü ildə Nyu-York şəhərində vəfat edib. Tesla hər zaman ona mane olmamağı tələb edirdi. Hətta Nyu-Yorkdakı otel otağının önündə hər zaman bu barədə lövhəcik asılı olardı. Onun cənazəsini ölümündən iki gün sonra “Nyu-Yorker” otelinin direktoru və xadiməsi aşkar etmişdi. Həmin il yanvarın 12-də Teslanın cənazəsi yandırılır və külün olduğu qab Nyu-York şəhərindəki Frenkliffisk qəbiristanlığında yerləşdirilir. Daha sonra bu qab Belqrad şəhərindəki Nikola Tesla Muzeyinə gətirilir.  

Bu gün “2244 Tesla” adlı kiçik planet, Serbiyada “Nikola Tesla Hidroelektrik Stansiyası”, Belqrad şəhərində Nikola Tesla Muzeyi və Arxivi, Nikola Tesla adına Beynəlxalq Hava Limanı, ABŞ-da elektrik mühərriki ilə işləyən avtomobillər istehsal edən “Tesla” zavodu, texniki sahədə nailiyyətlərə görə illik əsasda verilən “Nikola Tesla Mükafatı”, Xorvatiyada hər il 10 iyulda qeyd edilən “Nikola Tesla” milli günü mövcuddur.   

Teslanın adı Azərbaycanda da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə əbədiləşdirilib, Bakı şəhərində onun abidəsi ucaldılıb. 2013-cü ilin 9 fevral tarixində bu abidənin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və həmin vaxt ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliç iştirak ediblər. Sevindirici haldır ki, qeyd olunan səfər çərçivəsində iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” kimi tarixi sənəd imzalanıb, bu da məlum olduğu kimi dövlətlərarası münasibətlərdə ən yüksək səviyyədir.

Eyni zamanda onu da iftixarla qeyd etmək istərdim ki, yaxın günlərdə AMEA-nın prezidenti cənab Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyətinin Serbiyaya səfəri planlaşdırılıb. Səfər zamanı AMEA ilə Serbiya Elm və İncəsənət Akademiyası (SANİ) arasında əməkdaşlıq sazişinin imzalanması nəzərdə tutulur. Şübhəsiz, öz tarixi şəxsiyyətləri, alimləri, ziyalıları ilə fəxr edən, zəngin və keşməkeşli tarixi ilə xeyli bənzərliyi olan Azərbaycan və serb xalqları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi qarşılıqlı olaraq xalqlarımızın intellektual səviyyəsinin yüksəlməsinə, dünya görüşlərinin artmasına öz töhfəsini verəcək.

Eldar Həsənov (Azərbaycanın Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri)

Mənbə: mediaforum.az

Foto: Nikola Teslanın Bakıdakı abidəsi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə