E-ticarətin inkişafı niyə ləngiyir?

19-01-2015 / 12:33

Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunsa da, bu sahənin inkişafı 2008-ci ildən özünü göstərməyə başlayıb.

Xəbərlər-in verdiyi məlumata görə, bunun ən əsas səbəbi internetdə ödəmə sisteminin olmaması olub. 2008-ci il dekabrın 2-də isə SilverKey Azərbaycan şirkəti Azərbaycanda ilk dəfə olaraq Visa və MasterCard sistemlərinin xüsusi lisenziyasını almış GoldenPay adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib. Və yalnız bundan sonra Azərbaycanda elektron ticarət formalaşmağa başlayıb.

Dünyada Ebay, Amazon, Expedia, Fandango kimi iri onlayn ticarət saytları fəaliyyət göstərdiyi kimi, Azərbaycan da bu sahəyə maraq göstərməyə başlayıb. Milli onlayn mağazalara shopera.az, kaymu.az, tezbazar.az, bazarlıq.com, bazarolsun.com, bizimmarket.com, bookstore.com, ekskluziv.az, quqqu.com, eniqma.az, torg.az, florist.az, ae-magaza.com, shop.az, topshop.az, gerek.az, fulal.com kimi saytları misal göstərə bilərik.

“Azərbaycanda hər şeyə olduğu kimi, e-ticarətə qarşı da inamsızlıq var”

Sahil İT şirkətinin direktoru Vahid Qasımov Xeberler.az-a elektron ticarətin Azərbaycan bazarında inkişafından danışıb. O, bildirib ki,  vətəndaşlar ehtiyacı olan hər bir şeyi elektron dükanlardan aldığı təqdirdə bu proses inkişaf edəcək:

“Azərbaycanda elektron ticarət  hələki inkişaf etmək mərhələsindədir. Nə zaman ki, ehtiyacımız olan hər şeyi elektron dükanlardan alacağıq və elektron dükan işlətməklə normal şəkildə pul qazanmaq mümkün olacaq, o zaman e-ticarətin inkişaf prosesi tamamlanacaq”.

Vahid Qasımov onlayn ticarətin inkişafını ləngidən məsələlərə də toxunub: “Onlayn ticarətlə aktiv şəkildə məşğul olan sahibkarları bəzi təşkilati problemlər gözləyir. Bu da inkişaf prosesini ləngidir. Həmin problemlər aradan qalxdıqda, e-ticarət ölkəmizdə də lazımı səviyyəyə gələcək”.

Onlayn ticarətə inamsızlığa gəlincə, İT direktorunun sözlərinə görə, bu Azərbaycanda hər şeyə qarşı olan inamsızlıqdan irəli gəlir: “Gördüyümüzə inansaq da, bəzən gözlə görmək bəs etmir, əlimizlə də toxunub baxmalıyıq. İnamsızlıq da buradan irəli gəlir”.

Vahid Qasımov e-ticarətə başlamaq istəyənlər üçün xüsusi bir qeyd də edib: “E-ticarətə başlamağın birinci addımı, bu sahədə ekspert olan, nəzəri məlumatı olan və praktiki bilik və bacarığı olan insanlarla məsləhətləşmək olmalıdır. Həmin konsultasiya mərhələsində işin həcmi, iş üçün lazım olanlar, onları əldə etmək üçün maliyyə həcmi müəyyənləşdirilir. Gəlirlər və mənfəət təxmini hesablanır. Yön və strategiya müəyyənləşdirilir. Bunların hamısı açıq bilinəndən sonra, artıq işə başlamaq olar”.

“Təhlükə yalnız onlayn ödəniş zamanı baş verə bilər”

GoldenPay ASC-nin təsisçisi və idarə heyətinin sədri Fərid İsmayılzadə onlayn ödəmələr və bank kartlarının onlayn ticarət üçün vacib olduğunu bildirsə də, inkişafın əsas səbəbinin bu olmadığını qeyd edib:

“Əsas səbəb şirkətlərin, şəxslərin və iş adamlarının ticarətin bu növü ilə biznes qurmaq istəməsidir. Təəssüf ki, hazırda bu o qədər də çox deyil. Bildiyimiz kimi, məhsul çatdırıldıqdan sonra ödənişi nağd şəkildə də etmək mümkündür. Buna baxmayaraq, onlayn ticarət offlaynla müqayisədə ölkəmizdə aşağıdır”.

Fərid İsmayılzadə onlayn ticarətin illik dövriyyəsinin internet ödəmələri ilə götürdükdə təqribən ayda 200-250 min manat  olduğunu qeyd edib. Onun sözlərinə görə, istehlakçı hüquqlarının qorunması məsələsi offlayn ticarətdə olduğu kimidir: “İstehlakçı şikayətini normal prosedurlar çərçivəsində tələb edə bilər. Onlayn ticarətdə təhlükə ancaq onlayn ödəniş zamanı baş verə bilər. İstehlakçılar tanımadığı saytlara kart məlumatlarını daxil etsə problem ola bilər. Bunun üçün məsləhətdir ki, kartları 3D şifrələmə ilə qorusunlar. Bu zaman heç bir problem olmaz. 3D şifrələmə barədə isə  insanların banklara müraciət etmələrini tövsiyə edirəm”.

 “Onlayn-ticarətlə məşğul olanlar vergidən azad olunmalıdır”

Təsisçinin sözlərinə görə, Azərbaycanda onlayn ticarətin inkişafı üçün şərait yaradılmalıdır:  “Bəzi ölkələrdə onlayn ticarəti inkişaf etdirmək üçün vergidən azad olma halları var. Bəlkə bizdə də olsa, onlayn ticarətin həcmi artar, sahibkarlar da bu növ ticarətə çox maraq göstərər. Gömrük rəsmiləşdirilməsi qanunlar çərçivəsində həyata keçirilir. Yəni qanuna əsasən fərdi istifadə üçün xaricdən əldə edilmiş məhsul 1000 AZN-ə qədər vergidən azaddır. Onlayn mağazalar dövriyyəsindən asılı olaraq sadəşdirilmiş və ya ƏDV ödəyici ola bilərlər”.

“Paypoint aparatlarının yayılması onlayn alış-verişi sürətləndirdi”

Nettrends layihəsinin rəhbəri Elşad Yusifli onlayn alış-verişə ən böyük təkanın bank reteyl sektorunun böyüməsi, taksit kartların əhalinin böyük bir qisminə verilməsi olduğunu bildirib.

“Ölkə daxilində onlayn alış-veriş sistemi son iki ildə sürətlənib. Kart istifadəsi artdıqca onlayn mağazalar da böyüyəcək. Son günlər taksi sifarişi üçün yaradılan mobil tətbiqlərdəki partlayış da ( bəli, mən buna partlayış deyərdim) e-ticarətə öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, son illərdə paypoint aparatlarının yayılması, kommunal ödənişlərin aparıldığı onlayn saytlar insanlarda bu alışqanlığı yaradır və e-ticarətə öz müsbət təsirini göstərir”.

Elşad Yusifli elektron ticarət istifadəçilərini  iki yerə bölür: Birinci təbəqə xaricdə olub, bu təcrübənin bütün dünyada yayğın olduğunu müşahidə etmiş təbəqə. İkinci təbəqə isə şəhərə çox da çıxmayan, alış-veriş mərkəzlərini gəzərək shoppingə uzun-uzun vaxt ayıra bilməyən ev xanımları.

“Ebay.com və amazon.com Azərbaycan bazarında liderdir”.

Elşad Yusiflinin sözlərinə əsasən, e-ticarət Master Class-ını təşkil etdikləri vaxt araşdırmasında 70-dən artıq onlayn mağaza var idi: “ İndi yəqin ki bu rəqəm iki dəfə artmış olar. Çox eşitdiklərim vipbrands.az, shopera.az, modaha.az olur. Ebay.com və amazon.com isə sözsüz ki Azərbaycan bazarında da liderdir. Yerli bəzi böyük firmalarımızı da onlayn mağaza açıb müvəffəqiyyətli olmadıqlarını da müşahidə edirik. Buradan da anlaşılır ki, bu sektorda hər şeyi pull həll etmir, dərin digital marketinq biliklərinə də ehtiyac var”.

“Azərbaycanda məhsulun çatdırılma xidmətləri ürəkaçan deyil”

Onlayn mağazalarda çatdırılmadan danışarkən Elşad Yusifli bildirib ki, vacib amillərdən biri əhalidə kartların olmasıdırsa, digəri də çatdırılma xidmətlərinin inkişaf etməsidir: “Heç kimə qaranlıq deyil ki, poçt xidmətlərimiz ürəkaçan deyil, bazarda bir neçə kuryer firmaları isə olsa da, keyfiyyətli xidmət göstərənlərin qiymətləri çox yüksəkdir. Ona görə də, bir çox mağaza sırf öz işi ilə məşğul olmalı, çatdırma problemlərinə vaxt ayırmaq yerinə böyük həcmli satışlar etməyə fokus olmalıdır. Sonda ABŞ alış-veriş saytlarından alınan malların Bakıya sürətli gətirilməsi üçün yaradılmış çatdırılma firmalarını da xüsusi ilə alqışlayıram”.

“Alış-veriş etmədən öncə saytı araşdırmaq lazımdır”

Shopera.az-ın icraçı direktoru Samir Mehdi isə Xeberler.az-a bildirib ki, məhsulun istehlakçıya çatdırılması əsasən, kuryer  ya da şirkət əməkdaşı vasitəsilə həyata keçirilir: “Shopera.az saytı məhsulu Bakı daxilində 1-3 saat ərzində, ətraf regionlara isə 1 günə çatdırır. Ödənişi nağd və ya onlayn etmək mümkündür. Məhsul çatdırılan zaman müştəriyə təqdim olunur, hər hansısa bir problem varsa, qanunvericilikle həll olunur. Məhsulla bağlı problem baş verən zaman böyük ecommerce şirkətləri bu problemi vaxtında həll edə bilir. Eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dollarından artıq olmayan gömrük ərazisinə gətirilən mallar üçün gömrük rüsumu tətbiq olunmur.

Təhlükəsizlik məsələlərinə gəldikdə, Samir Mehdi bildirib ki, ilk növbədə  alış-veriş ediləcək saytı araşdırmaq lazımdır: “ Əgər ödənişi birbaşa saytla edəcəksinizsə, saytın necə qorunmasına (IT cəhətdən) fikir vermək lazımdır, SSL sertifikatı olmayan saytlara kart bilgilərini yazmaq təhlükəlidir”.

“Təhlükə alış-veriş saytlarından qaynaqlanmır”

İKT üzrə mütəxəsis Şaiq Muradov da alış-veriş ediləcək saytın araşdırılmasının vacibliyini vurğulayır: “ Xaricdən onlayn ticarət edirəm və heç bir təhlükə ilə üzləşmirəm. Ən kiçik bir narazıçılıqda pulu problemsiz "refund" edirlər. Azərbaycana çatdırılması olan saytlardan, satıcılardan bir-başa alıram. Olmayanlardan isə, "Usa2Baku" və "Camex" kimi çatdırılma xidməti göstərən şirkətlərdən alıram. Misallarla qeyd etmək məqsədim odur ki, təhlükə saytlardan qəti şəkildə qaynaqlanmır. Sadəcə istifadəçilər öz şəxsi təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Alış-veriş etdikləri e-ticarət saytı barədə araşdırma edib güvənliyini yoxlayandan sonra heç bir təhlükə yoxdur”.

Şaiq Muradov qeyd edir ki, alıcılar etibar etmədikləri saytlardan alış-veriş etməməlidir: “Plastik kartınızdakı 3-D secure-u aktivləşdirin. Əgər xarici saytlarda Paypal ilə ödəmə seçimi varsa onu istifadə edin”. 

Bəs istifadəçilər necə düşünür? Onlayn yoxsa offlayn?

İstifadəçi Tuanna Vəlizadə onlayn alış-verişə çox etibar etmir: “Kosmetika yaxud nəsə əşya ola bilər, amma geyim yox. Geyimi özüm geyinməliyəm, toxunmalıyam, materialını  bilməliyəm. Vitrində bəyəndim hə, bəlkə heç əynimdə yaxşı yaraşmayacaq?

Sevinc Çəltikovanın sözlərinə görə, onlayn alış-verişin rahat olsa da, mənfi tərəfləri çoxdur: “Bəzən Ebay-dan alış-veriş edirəm. Amma təəəsüf ki, məhsulun yaxud geyimin gəlməsini çox gözləyirəm. Bəzi vaxtlar məhsul şəkildəki kimi olmur, görüntüsü yaxşı olsa da, keyfiyyətindən razı qalmıram. Bəzən məhsulun pulu kartdan çıxılsa da, gəlib çıxmır. Alış-veriş marketlərindən kart vasitəsilə bazarlıq etmək isə daha məqsədəuyğundur. Pulun qalığını qaytarmaq, pul qabından pul çıxarmaq üçün vaxt getmir”.

İstifadəçi Emin Mastizadə də sifarişinin gec gəlməsindən şikayətlənir: “Türkiyədə yaşayıram və  hər ay bir neçə sifarişim olur.Sifariş bəzən 1-2 günə gəlsə də, bəzən 1 aya qədər vaxt çəkir. Nadirən eyni gün gəlir. Qiymət mağazadan ucuz olur, rahat, məhsulu bəyənməsəm də poçtalyona xəbər edirəm və məhsulu geri aparır. Onlayn ödənişi isə paypal varsa, onun vasitəsilə edirəm. Yoxdursa, virtual kartdan istifadə edirəm.

Elmin Bayramlı isə vaxta qənaət edənlərdəndir: “ Daha sərfəli olduğundan onlayn ticarətə üstünlük verirəm.Elektronika, parfümeriya, aksesuar, bijuteriya, hədiyyə almaq üçün ən idealı onlayndır. Ödənişi kartla etməyə üstünlük verirəm. 2-4 saat ərzində çatdırma xidməti olanlara üstünlük verirəm”.

İstifadəçi Gülçin Hüseynli onlayn ticarətin işgüzar xanımlar üçün əlverişli olduğunu deyir:  “Həm daxili (lokal), həm də beynəlxalq saytlardan alış-veriş etmişəm.

Yerli saytlar çatdırılmanı birbaşa ünvana edir-bu çox rahatdır, (modaha.com, hesabli.com ,kidstore.az) xarici onlayn mağazalar isə poçt vasitəsilə göndərir. Daha yaxşısı odur ki, yerli onlayn e-ticaret saytlarının bəziləri 15 gün ərzində qeyd-şərrtsiz geri qaytarmaya belə icazə verir. Onlayn ticarət daha çox - işgüzar xanımlar üçün əlverişlidir, hansı ki, alış-verişə çox zamanları olmur. Və kompüter başından seçmək, saatlarla gəzməkdən daha rahatdır onlar üçün. O cümlədən, bəzi markaları sadəcə onlayn mağazalarda tapmaq mümkün olduğundan- qalan kütlənin də diqqətini cəlb edir. Amma bəzən, sifariş etdikdən sonra məhsulun orijinallığında deyil, sadəcə yaraşmasında problem yaşaya bilərik. Bəzi mağazalar bunu nəzərə alaraq həm onlayn, həm də offline olaraq fəaliyyət göstərir.

İstifadəçi Ağasəf Haqverdiyev də pulunun qaytarılacağından əmin olduğu üçün onlayn alış-veriş edir: “ Ebay-dan onlayn sifarişlər etmişəm. Sifarişlərin hamısı vaxtında gəlib çatıb. Onlayn alış-veriş daha sərfəlidir. Ödənişi kart vasitəsi ilə paypal hesabı ilə edirəm Əgər sifariş gəlməsə əmin olursan ki, paypal vasitəsi ilə pulunu qaytaracaqlar. Ancaq bir çox saytlar var ki, paypal hesabı ilə işləmir. Həmin saytlara güvənim az olduğundan ancaq "Ebay" və "Amazon"  kimi şirkətləri məsləhət görürəm”.

Nəcəf Nəcəfli deyir ki, onlayn ticarət zamanı məhsullar keyfiyyətsiz də çıxa bilir:  “Onlayn ticarətlə məşğul olan şirkətlərin birinə müraciət etdim və qiymət baxımından sərf etdiyindən telefon üçün usb sifariş etdim.  Məhsulu 4 manat ucuz əldə edə bilsəm də, keyfiyyətsiz çıxdı”.

İstifadəçi Ülkər Eldarqızı isə Ebay-dan verdiyi sifarişlərin bəzən gəlib mənzil başına çatmadığını deyir: “ Sifarişlər gec gəlir, bəzən iki ay da çəkir. Bəzən isə ümumiyyətlə, heç gəlmir, ya da poçt xəbər vermir”.

Qeyd: Paypal ödəniş sistemi hələlik Azərbaycanda tam gücdə fəaliyyət göstərmir, bu barədə gələcək yazımızda yazacağıq.

 

Jalə Şahinqızı

  

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə