İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet qiymətləri yenə aşağı düşəcək?!

21.04.2009 [17:25]

Fontu böyüt:      

“İnternet tariflərinin ucuzlaşmasının heç bir xeyri yoxdur. Əksinə, Tarif Şurasının qərarından sonra sürət yarıbayarı azalıb. Artıq işləmək mümkün deyil, sürətin azalması müştəriləri qaçırdır”.

“İnternet tariflərinin ucuzlaşmasının heç bir xeyri yoxdur. Əksinə, Tarif Şurasının qərarından sonra sürət yarıbayarı azalıb. Artıq işləmək mümkün deyil, sürətin azalması müştəriləri qaçırdır”.

Bakıdakı internet klublarından birinin sahibi Xalid Kamalov Lent.az-a açıqlamasında deyir ki, internet xidmətlərində tariflərin aşağı salınmasının gözlənilən nəticəni verməyib. Əsas gözlənti o olub ki, tariflərin aşağı salınması ilə internetdə sürət artacaq, istifadəçilər əvvəlki qiymətlərlə daha çox internet xidmətlərindən yararlana biləcək. Ancaq Xalid Kamalovun fikrincə, bu gözləntilər özünü doğrultmayıb. Onun sözlərinə görə, Azərbaycanda internet xidmətinin tez-tez dayanması da bunun nəticəsidir: “Bəzən keyfiyyət o qədər aşağı düşür ki, saatlarla vaxt itirməli olursan. Amma bunu nə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, nə də provayderlərə sübut eləmək olmur”.

İnternet xidmətlərinin ucuzlaşmasının gözlənilən təsirləri olmadığı fikrini Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də təsdiqləyir. O da Lent.az-a deyib ki, qiymətlərin aşağı salınması ilə internet xidmətlərinin keyfiyyətinin də iki dəfə aşağı düşdüyü qənaətindədir. Bu isə o deməkdir ki, hökumətin bu qərarı əslində heç nəyi dəyişməyib: “Biz internetin qiyməti və keyfiyyəti ilə bağlı 3-4 aydır ki, dayanmadan monitorinq aparırıq. Fevralın 1-də qiymətlərin iki dəfə aşağı salınması elan olunduqdan sonrakı vəziyyət əvvəlkindən o qədər də fərqlənmədi. Çünki provayderlər qiymət endirimini qulaqardına vurdular. Halbuki, bu problemlərin aradan qaldırılması üçün çox gözəl imkanlar vardı”.

Ekspert hesab edir ki, hazırda Azərbaycanda internetin qiymət faktorundan çox, keyfiyyət məsələsi öndə olmalıdır. Osman Gündüz qiymətlərin aşağı salınmasından sonra keyfiyyətin azalmasını alıcının bazardan aldığı məhsulun çəkisində aldadılması ilə müqayisə edir: “Necə ki, bazarda alıcıya 1 kiloqram adı ilə 700 qram alma verirlər, internet xidmətində də alıcıları o cür aldadırlar. İndi Azərbaycan internetində keyfiyyət qiymətdən arxa plana keçib, qiymətlə yanaşı, keyfiyyəti də aşağı salırlar”.

Osman Gündüz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) keçirdiyi monitorinqin nəticələrinin müsbət olması barədə məlumatları da təəssüfləndirici hal kimi dəyərləndirir. Onun sözlərinə görə, internet xidmətlərinin keyfiyyətinin aşağı olduğunu hamı görür və belə olan halda nazirliyin ortaya qoyduğu hesabatlar ictimaiyyəti çaşdırır.

Afrikada internet daha sərfəlidir

Beynəlxalq Telekommunikasiya İttifaqı və Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan MDB məkanında mobil telefon danışıqlarının ən baha olduğu ölkələr sırasında göstərilir. Belə ki, Azərbaycanda rabitə xidmətlərinin qiyməti qonşu Gürcüstandakından 6 dəfə, Rusiyadakından isə 10 dəfə bahadır. Osman Gündüz deyir ki, bu göstərici Azərbaycanda mobil telefon danışıqları tarifləri və digər ölkələrlə müqayisə nəticəsində ortaya çıxıb. Onun sözlərinə görə, internet xidmətlərinin keyfiyyətini də nəzərə alsaq, Azərbaycanda rabitə xidmətlərinin qiyməti digər MDB ölkələri ilə müqayisədə ən azı 10 dəfədən çoxdur: “Yəni biz mövcud qiymətlərlə gözlənilən sürəti də əldə edə bilmirik. Belə çıxır ki, 1 manata aldığımız məhsulun qiyməti faktiki olaraq, 1 manat 50 qəpiyə gəlib çıxır”.

Ekspert bildirib ki, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın rabitə sistemində üç sahə bərbad vəziyyətdə olduğu göstərilir. Bunlar internetin qiyməti, mobil telefon xidmətlərinin qiyməti və geniş zolaqlı internet istifadəçilərinin sayı ilə bağlıdır. Onun sözlərinə görə, hər üç parametrdə Azərbaycan MDB ölkələri arasında axırıncı yeri tutur.
“Azərbaycan internetin qiymətinə görə Afrika ölkələri ilə yanaşı durur. Hətta Nikaraqua Azərbaycandan bir bənd yuxarıdadır. Belə olan halda hansı irəliləyişdən, hansı keyfiyyətdən danışmaq olar?” – deyə, Azərbaycan İnternet Forumunun rəhbəri vurğulayıb.

Müsahibimiz vəziyyətdən çıxış yolunun olduğunu deyir. Onun sözlərinə görə, bu yaxınlarda keyfiyyətsizlik sindromunun aradan qaldırılması məqsədilə müstəqil ekspertlərin, provayderlərin iştirakı ilə geniş müzakirələr aparılıb. Həmin müzakirələrdə əsas problemin bazarda qayda-qanun olmaması səbəbindən yarandığı üzə çıxıb: “Nə qədər ki, qayda-qanun yoxdur, heç nə dəyişməyəcək. İndi bazar iqtisadiyyatı adı altında rabitə sistemində hədsiz özbaşınalıqlar mövcuddur”.

İki səbəb, bir nəticə

Xatırladaq ki, hazırda Azərbaycanın internet sahəsində 30 provayderi fəaliyyət göstərir. Bunlardan ikisi - Bakinternet və Aztelekomnet dövlətə məxsusdur. Qalan 28 provayder isə müstəqil fəaliyyət göstərir. Bunların içərisində Delta telekom şirkəti provayderlərə internet axını çatdıran yeganə təchizatçıdır. Azərbaycan provayderləri bu şirkət vasitəsilə fibrooptik kanallar tərəfindən Belçika və Almaniyanın qlobal provayderlərinə qoşulublar. Hazırda Azərbaycanda 1 milyon internet istifadəçisi var. Bu isə hər 100 nəfərdən 12-nin internet istifadəçisi olması deməkdir.

“Bakinternet”in ADSL şöbəsi üzrə servis xidmətinin əməkdaşı Sərxan Cabbarov Azərbaycanda internetin aşağı sürətdə olmasını iki amillə əlaqələndirir. O, Lent.az-a bildirib ki, sürətin aşağı düşməsi, adətən, xəttin düzgün qurulmaması və modemdə gərginlik çatmamasından yaranır: “Əsas səbəblər bunlardır. Amma bütövlükdə ölkədə internetin sürəti aşağıdırsa, bunu marketin şöbələri əhatəli şəkildə araşdırmalıdır. Belə araşdırmalar aparılmadıqda heç kəs internetdə sürətin hansı səbəbdən aşağı düşdüyünü dəqiq söyləyə bilməz”.

Sərxan Cabbarovun sözlərinə görə, internet şəbəkəsindəki problemlərin bir qismi həm də Azərbaycanın internet mərkəzlərindən uzaqda yerləşməsidir. Belə ki, beynəlxalq provayderlərin xüsusi internet axınları üçün nəzərdə tutulan magistralları və fibrooptik kanalları Azərbaycandan keçmir. Ona görə də telekommunikasiya xidmətlərinin çatdırılması onun qoşulmasından 20-30 dəfə baha başa gəlir.

“Azeurotel” təkzib edir...

“Azeurotel”də isə internet xidmətlərinin keyfiyyətinin aşağı düşməsi barədə deyilənlərlə razılaşmırlar. Şirkətin marketinq şöbəsinin Arif adlı əməkdaşı Lent.az-a bildirib ki, son bir ayda internetin sürətinin aşağı düşməsi, yaxud da hansısa texniki problemlərin yaranması barədə onlara müraciət daxil olmayıb.

“Belə bir problem olsaydı, hər şeydən əvvəl bizə müraciət edərdilər. Çünki Azərbaycanda ən çox internet xidməti göstərən şirkətlərdən biri “Azeurotel”dir. Şəxsən mən internet istifadəçisi kimi, sürətin aşağı düşməsini görməmişəm. Ona görə də mən eşitdiklərimdən daha çox gördüklərimə inanıram” - deyə, marketinq şöbəsinin əməkdaşı bildirib.

...Nazirlik isə növbəti ucuzlaşmaya hazırlaşır

RİTN-də isə deyirlər ki, 1 meqabitlik sürət standart sürətdir və indi Azərbaycanda internet xidmətlərinin keyfiyyəti yaxşılaşmağa doğru gedir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, qiymətlərin aşağı salınması siyasəti bundan sonra da davam edəcək. Onun sözlərinə görə, internet qiymətləri əhali üçün əlçatan hesab olunanadək aşağı salınacaq. Ancaq növbəti dəfə belə bir qərarın nə vaxt veriləcəyi hələ bəlli deyil.

O ki qaldı internet tariflərinin aşağı salınmasından sonra sürətin də azalmasına, nazirliyin nümayəndəsi bu məsələnin provayderlərin səlahiyyətində olduğunu deyir: “Sürətin aşağı düşməsi mümkün deyil. Əgər belə hallar varsa, bu, çox ciddi qanun pozuntusudur. Çünki hər bir abunəçi provayderlə bağladığı müqavilədə göstərilən sürət üzrə internet almalıdır. Əgər müqavilədə göstərilən öhdəlik üzrə internet verilmirsə, abonent provayderi məhkəməyə verib, onu tələb edə bilər”.

Provayderlər böhranın heyfini çıxır

İnternet resursları xidməti sahəsində böyük təcrübəyə malik Sahil İnformasiya Texnologiyaları Mərkəzində isə qiymətlərin aşağı düşməsindən sonra internetdə keyfiyyətin əhəmiyyətli şəkildə aşağı düşdüyün deyirlər. Mərkəzin direktoru Vahid Qasımov bildirib ki, qiymətlərin aşağı salınması istifadəçilər üçün sərfəli, provayderlər üçün isə ziyandır. Bu isə keyfiyyətin aşağı düşməsinə zəmin yaradır: “Provayderlər əvvəllər 200 manata satdıqları interneti indi 50 manata satırlarsa, deməli, onun sürətini 4 dəfə aşağı salıblar” - deyə, Vahid Qasımov qeyd edib.

Ekspert hesab edir ki, iqtisadi böhranın təsirləri azalsa və əhalinin gəlirləri artsa, internet istifadəçilərin də sayı çoxala bilər. Belə olan halda provayderlərin internetin sürətini artırmaq imkanları genişlənər.

Elxan SALAHOV.Lent.az

Mətnin orijinal versiyasını aşağıdakı linkdən oxuya bilərsiz: http://lent.az/news.php?id=21359


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar