Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin Veysəlli əlifbadakı bəzi hərfləri dəyişməyi təklif edib. “Pen klub”un qonağı olan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə fərqli düşünür.
Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin 
Veysəlli əlifbadakı bəzi hərfləri dəyişməyi təklif edib. Həmin hərflərlə
 bağlı Akademiyanın prezidenti Mahmud Kərimovun da fikri mənfidir. “Pen 
klub”un qonağı olan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları 
Mərkəzinin direktoru Osman Gündüz isə fərqli düşünür.
“BU ADAMLARIN DÜNYADAN XƏBƏRİ YOXDUR, YA NƏDİR BU MƏSƏLƏNİ QALDIRIRLAR...”
-
 Əlifbada bəzi hərfləri dəyişdirmək istəyənlərin bir arqumenti də budur 
ki, internet dövründə bəzi işarələr yazışmalarda sürəti azaldır, bir işi
 iki edir və s.- Mən birmənalı şəkildə deyirəm ki, Azərbaycan 
əlifbasının simvollarının texnoloji problemləri 12 il əvvəl həll olunub.
 Vəssalam. Bilmirəm bu adamların dünyadan xəbəri yoxdur, ya nədir, bu 
məsələni qaldırırlar? Gülməli təklifdir. Bir daha deyirəm ki, 2000-ci 
ildə texniki, texnoloji baxımdan bizim əlifbanın standart məsələsi 
həll olunub. Həm dünya proqram, kompyuter istehsalçıları tərəfindən, həm
 də hökumət tərəfindən. 2000-ci ilə qədər bu söhbətlərin yeri var idi. 
Yəni Windows-2000 çıxana qədər. Ona qədər Azərbaycanda hərənin cibində 
bir şrift standartı vardı. Qeyri-standart bir mühit idi. Ona görə ki, 
dünya proqram, komyuter istehsalçıları balaca xalqların əlifbalarını 
nəzərə almamışdılar. 2000-ci ildə isə Unicode standartı ilə dünyadakı 
bütün balaca və böyük xalqların əlifba simvolları kodlaşdırıldı, bir 
standart düzəldildi. Monopolist Microsoft şirkəti də dərhal Unicode-un 
Azərbaycan dili üzrə standartlarını götürdü. Bununla da “ə”, “ü”, “ç”, 
“ş”  məsələsi həll olundu. 
“ƏLİFBADA DƏYİŞİKLİK MİLLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİNƏ GƏLİB ÇIXIR”
-
 Bir məsələ də “ş”, “ç” hərfləri ilə bağlıdır ki, çox zaman internet 
yazışmalarında onların yerinə “sh”, “ch” birləşmələrindən istifadə 
edilir. Və təklif var ki, bu işarələr bu qədər işləkdirsə, bəlkə elə 
rəsmiləşdirilsin?- Düzdür, mən özüm də bəzən “ə” yerinə “e” 
yazıram, “ç” yerinə “ch” yazıram. Bunu düzgün hesab etmirəm. Bu, artıq 
mənim problemimdir, millətin, dövlətin problemi deyil. Yəni bu, 
tənbəlliklə bağlıdır, vərdişlə bağlıdır. “Ə”, “ç”, “ş”-nin problemi 
deyil. Əlifbada hərflərin dəyişdirilməsi informasiya təhlükəsizliyi, 
milli təhlükəsizlik məsələsinə gəlib çıxır. Azərbaycanda əlifba bir neçə
 dəfə dəyişib. Bu gün kitabxanalar ağzına kimi kiril qrafikalı 
kitablarla doludur. Amma kimə lazımdır? Kimsə “ə”, “ç”, “ş”-ni dəyişəcək
 deyə internetdə nəhəng informasiya resursları məhv olmalıdır. 12 ildir 
internetdə nəhəng axtarış  sistemləri öz bazalarını Azərbaycan dilində  
tonlarla informasiya ilə doldurublar. Demək, sabah bunlar bir qəpiklik 
olacaq.
“QARDAŞ, QARŞINIZI KİM ALIR Kİ, ALLAHIN 5 DOLLARLIQ KLAVİATURASINI ÖLKƏYƏ GƏTİRƏSİZ?”-
 Bundansa dilçilik institutları İKT sahəsində Azərbaycan dilində 
terminlər yaratsınlar. Bu sahədə terminlər hələ də dilimizdə 
oturuşmayıb. Deyirlər yazmaqda problem var, qardaş, kim qarşınızı alır 
ki, Allahın 5 dollarlıq klaviaturasını Azərbaycan dilində ölkəyə 
gətirəsiz? Bu qədər milyardı olan ölkədə mobil telefonların düzülüşünə, 
klaviaturanın Azərbaycan dilində istehsalına nail olmaq boş şeydir. Bu 
cüzi xərc tələb edir, cüzi xərc. Buna fikir verən yoxdur...
İntervünün tam mətnini buradan əldə etmək olar :
http://www.azadliq.org/content/article/24705360.htmlAzadliq.org, 11.09.2012