İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Təhsil müəssisələrinin kilidlənmiş “elektron qapı”sı

13.06.2014 [15:32]

Fontu böyüt:      

Universitetlərin “Tələbə məlumat sistemi”ndən xəbərləri yoxdu.
“Əcnəbi” seyrə balonlarda çıxır, biz isə..."                                                                                                     Bu il övladı 1-ci sinfə gedəcək bütün valideynlər kimi mən də indidən əl-ayağa düşmüşəm. Uşağı vaxtında məktəbə yazdırmalıyam ki, işimi bilim. Sentyabra qalsa deyəcəklər ki, sinifdə yer qalmayıb. Elə iki gündür ki, məktəbə gedib-gəlirəm. Uşağın sənədlərini düzüb-qoşuram ki, aparıb vaxtında məktəbin direktoruna çatdırım. Bu sözləri deyən Binəqədi rayonu, eyni adlı qəsəbənin sakini Günel Mahmudovadır. G. Mahmudovanın deməsinə görə, övladı bu il məktəbə ilk qədəmlərini qoyacaq bütün valideynlər vaxtında narahat olmalıdırlar ki, sonra peşiman olmasınlar. Onun sözlərinə görə, indidən övladını məktəbə yazdıran valideynlər uşağının sənədlərinin arasına 50 manat qoyub direktora verirsə, dərs ili öncəsi 100 manatla ancaq qutarmaq olur: “Çünki, dərs ili öncəsi məktəb direktorları siniflərin dolduğunu bəhanə gətirib uşağı məktəbə götürmək üçün valideynləri get-gələ salırlar”.

Digər həmsöhbətim isə Azərbaycandan Türkiyənin İzmir şəhərinə gəlin köçən Alimə Ramazanovadır. İndi Alimə Çoban soyadını daşıyan həmsöhbətim də bu il övladını 1-ci sinfə yola salacaq. Anasının xəstəliyi ilə bağlı aprel ayından etibarən qardaş ölkədən vətəninə dönən Alimə sentyabr ayı öncəsi İzmirə qayıtmağı planlaşdırır. Onun sözlərinə görə, avqust ayının sonunadək Abşeron rayonun Masazır kəndində anasının yanında qalacaq. G. Mahmudovadan fərqli olaraq A. Çoban oğlu Nevzatı 1-ci sinfə məktəbə yazdırmaqdan qətiyyən narahatlıq keçirmir. Onun sözlərinə görə, qardaş Türkiyədə nəinki, o, heç bir valideyn 1-ci sinfə gedəcək övladını məktəbə yazdırmaq üçün narahatlıq keçirmir. Həmsöhbətim deyir ki, Türkiyədə təhsil sahəsində qurulan elektron sistem bütün valideynlərə bu xidməti kompyuter arxasına keçməklə bir neçə dəqiqəyə əldə etmək imkanı verir: “Türkiyədə 1-ci sinfə gedəcək uşaqların məktəblərə qeydiyyatı “e-okul vbs” sistemi vasitəsilə internet üzərindən aparılır. Bu “e-okul”sistemi Türkiyənin Milli Egitim Bakanlığının (Təhsil Nazirliyinin) http://www.meb.gov.tr internet saytına inteqrasiya olunub. Sistem ele qurulub ki, 2008 və 2009-cu illərin yanvar, fevral, mart ayında doğulan uşaqlar bu il məktəb yaşlı olduqlarından, onların məktəbə qeydiyyatları sistem tərəfindən avtomatik olaraq aparılır. Valideynlər çox asanlıqla internet üzərindən “e-okul vbs” sisteminə daxil olmaqla uşaqlarını evlərinə ən yaxın ünvanda yerləşən məktəbə qeydiyyata saldıra və sistemdə uşağını hansı məktəbdə qeydiyyata düşdüyünü təhsil ocağına getmədən, sorğu vasitəsilə öyrənə bilərlər. Mənim uşağım avtomatik olaraq “e-okul vbs” sistemi tərəfindən məktəbə qeydiyyata salınıb. Mən övladımı yeni tədris ilindən evimizə ən yaxın ünvanda yerləşən “Aşağıkızılca ilkokulu”na göndərəcəm. Çünki bu məktəb İzmir, Kemalpaşa Aşağıkızılca Köyü 2001 sok. No.51 ünvanına, evimizə ən yaxında yerləşən təhsil ocağıdır”. 
“e-okul vbs” sistemindən bizdə niyə qurulmur?
Göründüyü kimi, artıq qardaş ölkədə 1-ci sinfə gedəcək şagirdlərin qeydiyyatı internet üzərindən “e-okul vbs” sistemi vasitəsilə həyata keçirildiyi halda, Azərbaycanda valideynlər hələ də, 1-ci sinfə gedəcək uşağını məktəbə yazdırmaq üçün ümumtəhsil ocaqlarının qapısını bir neçə dəfə döyməli olurlar.

Apardığımız kiçik müqayisəli təhlil zamanı bəlli oldu ki, Türkiyədə Milli Egitim Bakanlığının (Təhsil Nazirliyinin) internet saytının (http://www.meb.gov.tr) valideyn və şagirdlərə verdiyi elektron xidmətlərin hələ mində birini Azərbaycanın Təhsil Nazirliyindən (http://edu.gov.az) saytından əldə etmək mümkün deyil. Ölkəmizdə də , “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanaraq “E-hökumət” layihəsi işə salınsa da, Təhsil Nazirliyi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində demək olar ki, heç bir iş görməyib. Baxmayaraq ki, “Elektron-hökumət” layihəsinin 2013-2015-ci illərdə daha da genişləndirilməsi nəzərdə tutulub. Türkiyədə elektron dövlət (e-devlet kapısı) (https://www.turkiye.gov.tr) vasitəsilə Milli Egitim Bakanlığının “e-okul” sistemi belə elektron dövlətə inteqrasiya olunduğu halda, bu xidmət Azərbaycanda Təhsil Nazirliyinin elektron saytına belə yerləşdirilməyib. İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu deyir ki, bu gün Azərbaycanda vətəndaşlara elektron xidmətlərin göstərilməsi istiqamətində ən bərbad vəziyyət Təhsil Nazirliyindədir. Həmsöhbətimin sözlərinə görə, bu gün nazirliyin saytında şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında quruca qaydalardan başqa məlumat yoxdur. O. Gündüz deyir ki, Azərbaycanın Təhsil Nazirliyi vətəndaşların nazirliyin səlahiyyətində olan xidmətlərdən daha rahat və şəffaf yararlanmağını təmin etmək üçün bütün xidmətlərini elektronlaşdırmalı, orta və ali məktəblərdə elektron sistemin qurulmasını təmin etməlidir: “Təhsil Nazirliyi daha şagird, tələbə və valideynlərin daha çox istifadə etdiyi xidmətləri elektronlaşdırıb vahid məkana inteqrasiya etməlidir ki, əhali həmin xidmətlərdən nazirliyə, onun aidiyyatı strukturlarına getmədən yararlana bilsin. 
Təhsil Nazirliyinin adı “e-hökumətin” “şərəf” lövhəsində...
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən aldığımız məlumata görə, də bu gün Təhsil Nazirliyi Elektron hökumətə (https://www.e-gov.az/) cəmi-cümlətanı üçcə xidmətini inteqrasiya edib ki, bu xidmətlərə “Diplom haqqında məlumatlar”, “Müəllim haqqında məlumatlar” və ““2007/2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı üçün elektron ərizə qəbulu” xidməti kimi geniş kütlənin yararlanmadığı xidmətlər daxildir. MHM-a ünvanladığımız sorğuya aldığımız cavabdan da görünür ki, bu ilin aprel ayının 1-dən 30-a kimi olan dövr ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısında bu nazirliyin “Diplom haqqında məlumatlar” xidməti son pillələrdə qərarlaşaraq 369 nəfər tərəfindən istifadə edilib. May ayı üzrə “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan e-xidmətlərin siyahısına isə bu nazirliyin bircə xidmətinin belə adı düşməyib. Baxmayaraq ki, Azərbaycanın Nazirlər Kabinetinin təsdiqlədiyi sərəncamla, bu nazirliyin 8 xidməti vahid məkana, (https://www.e-gov.az/)-a inteqrasiya edilməli idi. Lakin nazirlik bu xidmətlərin hələ ki, üçünü güclə inteqrasiya etməyi bacarıb. Təhsil Nazirliyində Milli Təhsil Məlumat Bazası yaradılsa da, hələki dövlət ümumtəhsil müəssisələrində “e-okul vbs” sistemi kimi mükəmməl bir elektron xidmət qurmaq mümkün olmayıb. Buna səbəb isə respublika üzrə bütün ümumtəhsil müəssisələrinin internetə çıxışını hələ də təmin etməyin mümkün olmamasıdır. Halbuki, Türkiyədə və avropa ölkələrinin çoxunda bütün ümumtəhsil müəssisələrinə ərizə və digər sənədləri elektron formada qəbulu vahid məkana inteqrasiya olunub.
Müqayisəli təhlil də göstərir ki, qardaş Türkiydə Milli Egitim Bakanlığının (Təhsil Nazirliyinin) öz saytı üzərindən (http://www.meb.gov.tr), eləcə də, (https://www.turkiye.gov.tr) vasitəsilə göstərdiyi elektron xidmətlər valideyn, şagird və tələbələrin daha çox yararlandığığı vacib xidmətlərdir. Tələbələr bu xidmətlərdən yararlanmaqla ali məktəblərdə imtahan nəticələrini., imtahan yerlərini,özlərinə dair digər əhəmiyyətli məlumatları təhsil ocaqlarından yüz min kilometr uzaqdan belə əldə edə bilirlər. Götürək elə “E-Okul” sistemini. Bu sistem vasitəsilə, şagird və tələbələr aldığı mesajlar, dəvamiyyət bilgilərini əldə etmək olar. Valideynlər bu sistem sayəsində öz övladlarının məktəbə gedib-getmədiyini, hansı günlərdə dərsi buraxdığını, imtahanlardan aldığı qiymətləri, müəllimlərin verdikləri tapşırıqları edib-etmədiyini, yerinə yetirdikləri halda hansı qiymət aldığını asanlıqla, bu sistemə daxil olmaqla əldə edə bilirlər. Şagird və tələbə bu sistem vasitəsilə öz dəvamiyyətini, xəstəlik dərs proqramını belə yoxlaya bilir. Bu sistemin şəffaflığı təmin edən daha bir xidməti isə şagirdlərin dəvamiyyətlərinin dərhal sistemə qeyd edilməsi ilə bağlı öhdəlik qoymasıdır ki, dəvamiyyət sonrakı gün sistemə daxil edilə bilməz.
Universitetlərin “Tələbə məlumat sistemi”ndən xəbərləri yoxdu
Türkiyədə orta təhsil müəssisələrində qurulan bu elektron sistem ali məktəblərdə daha mükəmməl formada davam etdirilir. Türkiyədə təhsil alan azərbaycanlı tələbə Aynur Haqveriyevanın sözlərinə görə, Türkiyədə “Tələbə məlumat sistemi” tələbələrə böyük imkanlar açır. Həmsöhbətimizin sözlərinə görə, Türkiyədə demək olar ki, bütün universitetlərin elektron saytında “Tələbə məlumat sistemi” var: “Universitetlərə, qəbul olunub qeydiyyatdan keçəndən sonra tələbəyə tələbə nömrəsi verilir və sonradan bütün prosedurları bu tələbə nömrəsi ilə həyata keçirirsən. Hər universitetin internet saytında tələbə məlumat sistemi var. Müəllimlər qiymətləri bu sistemə daxil edir. Bir sözlə burada ali təhsil müəssisələrində elektron sistem elə yaradılıb ki, tələbə məsafədən asılı olmayaraq, universitetlə əlaqədə olmaq imkanı əldə edir”.
Azərbaycanda isə dövlət ali təhsil müəssisələrində bu sistemi qurmaq hələki mümkün olmayıb. Özəl ali təhsil müəssisələrindən Qafqaz və Xəzər Universitetləri “Tələbə Məlumat Sistemi” yaratmağa nail olub ki, məhz bu səbəbdən hər iki ali təhsil ocağı beynəlxalq tələbə qəbulunu apara və rahatlıqla tələbələrlə internet üzərindən təmasa keçə bilir. Qafqaz Universitetinin rektoru Ahmet Sanıç bizimlə söhbətində bildirdi ki, “Tələbə Məlumat Sistemi”xarici ölkələrin nüfuzlu təhsil ocaqlarında olduğu kimi, Azərbaycanda da tələbələrə elektron xidmətlərin göstərilməsini təmin edir: “Biz bu sistemi qurmaqla, tələbələrə bu sistemə daxil etdikləri tələbə nömrəsi və şəxsi parolla imtahan qiymətlərindən xəbərdar olmaq, müəllimlərin tapşırıqları ilə bağlı bilgi almaq və sair xidmətlərdən isstifadə etmək imkanı yaratmışıq”.
Həmsöhbətimiz bu sistemin distant təhsil aparmaq üçün açılan bir pəncərə olduğunu da söyləyir.
Azərbaycanın dövlət ali təhsil müəssisələrindən isə əlaqə saxladığımız universitetlərdən “Tələbə Məlumat Sistemi” barədə onlarda məlumat olmadığını söylədilər. Bəzi universitetlər isə “buna maliyə ayrılmalıdır” deyərək yaxasını kənara çəkməklə kifayətləndi.
“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”nin proqram rəhbəri Elmina Kazımzadə də, artıq dünyüda məktəbəqədər təhsildən tutmuş ali təhsilədək xidmətlərin elektronlaşdırıldığını söyləyir. Onun sözlərinə görə, bu təhsil ocaqlarına beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır: “Bu gün dövlət ümumtəhsil müəssisələrində şagirdlərin sənədlərinin elektron qəbulu anacq liseylərdə aparılır. Amma bu da sistemləşdirilmiş şəkildə vahid məkandan deyil, liseylərin öz elektron saytları vasitəsilə. Halbuki, xarici ölkələrdə uşaq bağçalarına belə qəbul elektron formada aparılır. Təhsil müəssisələrində elektron xidmətlərin təşkili və bu xidmətlərin vahid məkandan idarə olunması vətəndaşlara yalnız bir qapını döymək imkanı verir. Azərbaycanda dövlət ali təhsil müəssisələri elektron xidmətlərin tətbiqində ölkəmizdəki özəl universitetlərlə belə müqayisəyə gəlinməz vəziyyətdədirlər”.
Şimali Kipr Doğu Akdeniz universitetinin türk ölkələri üzrə rektoru Orxan Həsənoğlu hətta öz universitetlərində bu sistemin mobil telefona daşındığını deyir. Həmsöhbətimin sözlərinə görə, bu gün bu ölkədə tələbələr mobil telefon üzərindən universitetdəki səhifələrinə daxil olaraq lazımi məlumatları ala bilirlər. Üstəlik tələbələr bu sistem vasitəsilə electron kitabxanalardan da yararlana bilir.
Təhsil Nazirliyi: “Türkiyədə 1-ci sinfə qəbul elektron aparılırsa, bu o demək deyil ki, biz də mütləq belə olmalıdır”
Təhsil Nazirliyindən isə Azərbaycanda bu istiqamətdə işlərin sürətlə getdiyini iddia edirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bziimlə söhbətində bildirdi ki, Azərbaycanda internetə çıxışı təmin edilən ümumtəhsil ocaqlarının sayı 1700-dir. Həmsöhbətimiz bu gün təhsil sahəsində elektron xidmətlərin təşkilinin sürətlə həyata keçirildiyini söyləsə də, qonşu türkiyə ilə müqayisə aparmağın düzgün olmadığı fikrindədir: “Türkiyədə 1-ci sinfə qəbul elektron aparılırsa, bu o demək deyil ki, biz də mütləq belə olmalıdır. Artıq Azərbaycanda təhsil sahəsində bir sıra elektron xidmətlər göstərilir. Təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı istiqamətində xeyli işlər görülüb. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində Milli Təhsil Portalı (www.edu.az) yaradılmışdır. Portalda fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat fənləri üzrə elektron dərslər yerləşdirilmişdir. Hazırda 1700 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və İnternetə qoşulub”.
C. Valehov təhsil sahəsində elektronlaşmanın sürətlə getdiyini söyləsə də, təmsil etdiyi nazirliyin bu gün orta məktəblərin elektron xəritəsini ancaq hazırlayıb üzə çıxartdığı göz qabağındadır. Nazirlik bu günədək respublika üzrə nəinki ali, heç ümumtəhsil müəssisələrinin şagirdllərlə bağlı vahid məlumat bazasını formalaşdıra bilməyib. Elə ekspert Cahid İsmayıloğlu da Təhsil Nazirliyinin bu işdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından nümunə götürməli olduğunu söyləyir. (aznews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar