21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlar, zorakılıq və hədələr, jurnalistlərin qaldırdığı iddialar, dövlət qurumlarının hərəkətsizliyi ilə bağlı iddialar və s. əksini tapıb. Hesabatda RATİ-nin tövsiyələri də təqdim olunub.
Hesabata görə, 2010-cu ilin 7 ayı Azərbaycanın müstəqil kütləvi informasiya vasitələri (KİV) və media nümayəndələri üçün problemlərlə müşahidə olunub. Belə ki, bu müddət ərzində Cinayət Məcəlləsinin həbs nəzərdə tutan 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəmələrdə 11 iddia qaldırılıb. Bu iddialardan 2-si icraata götürülmədən rədd edilib, 2-si isə təmin edilməyib. Beynəlxalq və yerli təşkilatlar “Diffamasiya haqqında” Qanunun qəbul edilməsi üçün çağırışlar etsələr də, hakimiyyət hələ də bu məsələni ləngidir. Bu səbəbdən də jurnalistlər yenə də hər an həbs təhlükəsi ilə yaşayırlar.
Hesabatda həmçinin qeyd olunub ki, jurnalistlərin qaldırdıqları iddia və ya məhkəmə qərarlarından verdikləri şikayətlərin əksəriyyəti 2010-cu ilin ilk 7 ayı ərzində də təmin edilməyib. Dövlət qurumlarının hərəkətsizliyi (informasiya sorğusuna cavab verilməməsi, ictimai birliklərin qeydə alınmaması və s.) ilə bağlı media və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən qaldırılmış iddialar da çox zaman nəticəsiz qalıb. Jurnalistlərin peşə fəaliyyətinə mane olma, fiziki və mənəvi təzyiqlər göstərmə halları 2010-cu ilin 7 ayı ərzində də aktual olub.
Tələbə-jurnalist Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyası barədə yazdığı tənqidi “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqaləyə görə 19 yanvar tarixində bu ali məktəbdən qovulub. “SalamNews” agentliyinin müxbiri Zülfüqar Xeyirxəbər, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar, RATİ-nin əməkdaşı Mehman Hüseynov, ANS və ATV telekanallarının çəkiliş qrupları, “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov, “Milli yol” qəzetinin və “Poliqon” informasiya agentliyinin (pia.az) redaktoru Anar Gəraylı və digər jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalıblar.
Sonda RATİ Azərbaycan hökumətinə, jurnalistlərə və beynəlxalq təşkilatlara tövsiyələr ünvanlayıb.
Hökumətə ünvanlanan tövsiyələr sırasında Azərbaycanda ədalətsiz həbs olunmuş jurnalistlərin dərhal azadlığa buraxılması, diffamasiyaya görə məsuliyyəti nəzərdə tutan maddənin ləğvi, jurnalistlərin əleyhinə fiziki hücum və hədələrdə iştirak edənlərin və bu işdə məsuliyyət daşıyanların cəzalandırılması, xarici radiostansiyaların yerli FM tezliyində yayımının bərpası, mərhum baş redaktor Elmar Hüseynovun qatilləri və bu qətlin sifarişçilərinin tapılaraq cəzalandırılması, qanunlarda KİV-in fəaliyyətini məhdudlaşdıran mürtəce əlavə və dəyişikliklər ləğv edilməsi kimi bəndlər yer alıb.
Qurum xarici ölkələrə və beynəlxalq təşkilatlara tövsiyəsində isə onların Azərbaycan hökumətindən mətbuat azadlığı, ifadə azadlığı və insan haqları sahəsində öhdəsinə düşən vəzifələrin yerinə yetirməsini, ədalətsiz həbs edilmiş 3 jurnalistin azadlığa buraxılmasını, Azərbaycan jurnalistlərinə qarşı törədilmiş qətl, hücum və hədələnmə hallarının üstünün açılması tələb edilməsini bildirib.