İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sosial şəbəkələrin cəmiyyətə təsiri-Araşdırma

13.02.2011 [08:29]

Fontu böyüt:      

İnternet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Kompyuterdən istifadə edən insanların ayrı-ayrı sosial şəbəkələrdə “dövr etməsi”, dostluq və tanışlıqlar şəbəkəsi isə artıq gündəlik normaya çevrilməkdədir. Amma bəlkə heç birimiz təsəvvür eləmirik ki, ilk baxışdan çox cəlbedici, dostlarla bol görünən bu virtual dünya real həyatımızda müxtəlif problemlərə yol açır.

İnternet həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Kompyuterdən istifadə edən insanların ayrı-ayrı sosial şəbəkələrdə “dövr etməsi”, dostluq və tanışlıqlar şəbəkəsi isə artıq gündəlik normaya çevrilməkdədir. Amma bəlkə heç birimiz təsəvvür eləmirik ki, ilk baxışdan çox cəlbedici, dostlarla bol görünən bu virtual dünya real həyatımızda müxtəlif problemlərə yol açır.

Azərbaycanda hər 27 nəfərindən biri “Facebook” istifadəçisidir.

“Sosial şəbəkə” termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən (birlik, sosial qrup, insan) ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İnternetdə sosial şəbəkə interaktiv, çoxlu istifadəçisi olan saytdır. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bu “odnoklassniki.ru”-nun sələfi hesab edilən “classmates.com” idi. 1999-cu ildə yaradılan “Livejournal”, 2003-cü ildə meydana çıxan “MySpace” də öz növbəsində xeyli populyarlıq qazandı. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış “Facebook” hesab edilir. 2006-cı ildə Rusiyada yaradılan “odnoklassniki” və “V kontakte” də xeyli populyardır.

2011-ci il fevralın 1-nə olan məlumata əsasən, bu ilin yanvar ayı ərzində “Facebook” sosial şəbəkəsində qeydə alınmış Azərbaycan istifadəçilərinin sayı 12,4% və ya 38,2 min nəfər artaraq 312 720 nəfərə çatıb. Azərbaycan əhalisinin 3,7%-i və ölkədə mövcud internet istifadəçilərinin 8,4%-i “Facebook”dan yararlanır. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşlarının hər 27 nəfərindən biri “Facebook” istifadəçisidir. Sözügedən şəbəkədən Azərbaycanda istifadə edənlərin 50%-i 18-24 yaş qrupuna, 26%-i 25-34 yaş qrupuna, 9%-i 16-17 yaş qrupuna, 6%-i 13-15 və 35-44 yaş qruplarına, 2%-i 45-54 yaş qrupuna, 1%-i isə 56-64 və 65-dən yuxarı yaş qruplarına aiddir. Azərbaycanda “Facebook”dan istifadə edənlərin 63%-i kişilərdir. Hazırda Azərbaycan “Fecebook” şəbəkəsində istifadəçilərin sayına görə Latviya, Qazaxıstan, Belarus, Moldova, Ermənistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, və Tacikistanı qabaqlayaraq 94-cü yeri tutur. Rusiya bu siyahıda 3 663 900 istifadəçi ilə 29-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin ümumi sayı 618 517 020-yə çatıb. Sosial şəbəkələrdən istifadə ailədaxili münasibətlərə ləkə gətirir Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin ən böyük inqilablarından biri olmaqla yanaşı, bir sıra problemlər də yaradıb: “Təkcə “Facebook” sosial şəbəkəsinin 500 milyondan artıq “sakini” var. Elə bil yeni bir internet dünya, yeni bir internet ölkə yaranıb, insanlar da bu ölkənin vətəndaşlarına çevrilib. Bu “vətəndaşlar” bir-birinə qarşı istənilən münasibəti göstərə bilərlər. Amma bu, real münasibətlərdən fərqli olaraq, bir qədər hüquqdan kənar münasibətlərdir.

Çünki hər bir ölkədə sosial münasibətlər qanun əsasında qurulur, əgər onlar bir-birinə qarşı hansısa təhqirə yol verirlərsə, qanun işə düşür, Konstitusiya öz sözünü deyir. Amma internet üzərində virtual sosial şəbəkələrin meydana gəlməsi artıq qanundan kənar mühit yaradır. Sosial şəbəkələrin bu gün yaratdığı ən böyük problem budur. Belə qanundan kənar mühit başqa dinləri, başqa mədəniyyətləri, başqa mental dəyərləri daşıyanları birdən-birə sosial mühitə gətirir. İkinci ən böyük problem ondan ibarətdir ki, sosial şəbəkələrin qanundan kənar mahiyyəti insanların içində olan ədəbsizlik, mədəniyyətsizlik və tərbiyəsizliyi üzə çıxarır. Birdən-birə hər bir vətəndaş ailənin üzvü olmaqla, həmin qanuni tələblərdən və mental dəyərlərdən uzaqlaşır, onun daxilində olan gizli, ictimai qınaqdan kənarda olan “mən”i üzə çıxır. O “mən” ictimai mühitdən kənar, çox təhlükəli “mən”dir. O “mən”in içərisində tərbiyəsizlik, əxlaqsızlıq var. İnsanlar ata-anasının, müəlliminin, qonşusunun yanında demədiyini orda demək imkanı əldə edir. Və düşünür ki, bu qanundan kənardır, bunu heç kim bilmir, düşünür ki, burda özünü gizlədə, anonimliyini təmin edə bilər.

Həmin insan abstrakt olan bir azadlıq mühitinə düşür. Amma o azadlıq təhlükəli azadlıqdır. Ona görə ki, burda tənzimləyici mexanizmlər yoxdur. Çünki XXI əsrin internetinin yeni dəyərləri hələ formalaşmayıb”. R. Əliquliyevin sözlərinə görə, belə hüquqdan kənar mühit ziyanlı bir “kislota” kimi ailə münasibətlərində özünü göstərir: “Ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin gəlməsi ailənin daxilində olan münasibətlərə ləkə gətirir. Baxırsan ki, qadın sosial şəbəkədə olur, özünün marağında olan insanları tapır, ər burda öz marağında olan insanları tapır, qız burda tapır, oğul orda tapır. Ailə məkan kimi qalır, amma daxilində olan dəyərlərə turşu düşdüyü üçün onları dağıtmağa başlayır. Ailə daxilində kiçikdən böyüyə, böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir.

Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektlərinə çevrilir, bununla da ailənin daxilində olan struktur dağılmağa başlayır. Ailə daha əvvəlki ailə olmur, milli mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, mental dəyərlərə, ölkənin böyük qanunlarına ziddir. Ailə institutu yeni bir forma alır. Sosial şəbəkələrin gələcəkdə cəmiyyətə vəd etdiyi münasibətlər bundan ibarətdir”. Sosial şəbəkə boşanmaya da səbəb olur Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirib ki, rəhbərlik etdiyi quruma sosial şəbəkələrdə yaranmış problemlərlə əlaqədar müraciət edən şəxslərin dəqiq statistikası aparılmasa da, müraciət edənlər var. Bəzən internet və sosial şəbəkələrdə aktiv iştirak etmə boşanmaya da səbəb olub. Yaxud da bu, ailədə münaqişə yaradıb.

Bəzən şəbəkələrdə iştirak ailə zorakılığının bir elementi də ola bilər: “Mərkəzə bəzən kişilər müraciət edərək bildiriblər ki, həyat yoldaşı ona xəyanət edib. Söhbət edərkən məlum olur ki, xanım hansısa sosial şəbəkədə olub, köhnə dostları, sinif yoldaşları ilə danışıb. Evin kişisi bunu virtual xəyanət sayıb. Həyat yoldaşının internetdə kiminləsə yazışmasını xəyanətə bir addım qəbul edib. Bəzən isə əksinə olur. Xanımlar köhnə dostları ilə sosial şəbəkələrdə yazışan həyat yoldaşlarının hərəkətini xəyanət kimi qəbul edirlər. Bütün bunlar əvvəlcə xırda münaqişəyə, sonra isə boşanmaya səbəb olur. Maraqlıdır ki, müraciət edənlərin arasında evdar qadınlar deyil, ali təhsilli şəxslər də var. Bizə bir həkim qadın müraciət etmişdi, onun həyat yoldaşı kütləvi informasiya vasitələrinin birində çalışır. O, həyat yoldaşına çoxlu məktublar yazıldığını görüb bunu düzgün qəbul etməyib, son nəticədə də onlar boşandılar. Bəzən tənhalığa görə bizə müraciət edən insanlara hansısa saytlarda özlərinə dost tapmağı məsləhət görürük. Amma fikir verirəm ki, son vaxtlar gənclərin arasında sosial şəbəkələrdə çərçivələrə əməl etməmək, özlərini apara bilməmək tendensiyaları artıb. Bəzən mədəniyyətsizlik, hətta tərbiyəsizlik belə edirlər. Bu, xoşagəlməz hallara gətirib çıxarır. Mən də sosial şəbəkənin üzvüyəm, özümə qarşı orada təhqir, söyüş də olub. Hətta elə vəziyyət yaranıb ki, o sosial şəbəkədən çıxmalı olmuşam”.

M. Əzizova deyib ki, adətən sosial şəbəkələr üzündən problemi yaranan şəxsləri psixoloq yanına göndərirlər: “Əgər insanda qısqanma varsa, o, baxmayacaq ki, bu sosial şəbəkədə, yoxsa real həyatda olub. Bəzən həyat yoldaşı hədsiz qısqanan qadınlara təklif edirik ki, müvəqqəti olsa da, sosial şəbəkədən çıxsınlar. Ailədə vəziyyət düzələndən sonra isə yenidən sosial şəbəkəyə qayıda bilərlər. Məncə, elə sosial şəbəkələr var ki, həqiqətən də problem yarada bilər. Elə insanlar var ki, sosial şəbəkələrdən tanışlıq, pornoqrafik şəkilləri və saytları bir-birinə ötürmək üçün istifadə edilər. Məhz sosial şəbəkələrdən düzgün istifadə edilmədiyinə görə biz təklif edirik ki, onlar bu şəbəkələrdən uzaqlaşsınlar. Ailədə iki insan bir-birinə xoş sözlər deyib ünsiyyət yaratmaqdansa, real həyatı internet həyatına dəyişir. Bu da onların bir-birindən uşaqlaşmasına və sonda boşanmasına səbəb olur. İnternetdən uzaqlaşmaq bəzən ailədə barış yarada bilər”.

M. Əzizovanın sözlərinə görə, problemlərdən çıxış yolu kimi təbliğatı gücləndirmək lazımdır: “Hər bir insan bilməlidir ki, sosial şəbəkədən istəyi nədir. Bu, narkotik kimi bir şeydir. Bəzən insan bu saytlara o dərəcə bağlanır ki, bir gün bu sayta girməsə özünü çox narahat hiss edir. İnsanları öyrətmək lazımdır ki, sosial şəbəkələrlə necə davranmaq lazımdır. Hər bir insan bilməlidir ki, internetdə nə qədər oturmalıdır. Şəbəkələrin müsbət və mənfi tərəfləri tam açıqlanmalıdır. Əgər bu, ailədə problem yaradırsa, buna əvvəlcədən fikir vermək lazımdır. Əgər həyat yoldaşı internetdə gündən-günə daha çox vaxt keçirirsə, deməli, bu, artıq qadın və kişi üçün bir şüuraltı zəng olmalıdır. Buna qarşı mübarizə aparmaq, tez-tez qonaq getmək, ünsiyyəti artırmaq, havaya çıxmaq lazımdır. Hələlik sosial şəbəkələrdə çox vaxt keçirmə kütləvi təhlükəyə çevrilməyib. Sosial şəbəkələrdə oturmaqdansa, tanışlıq və porno saytlarda oturmaq daha çox ailələrin dağılmasına səbəb olur. Sosial şəbəkənin əsas məqsədi ünsiyyət və dostluq qurmaqdır. Amma bizdə bu şəbəkələrdən düzgün istifadə olunmur”. Sosial şəbəkələrin yaratdığı problemlər üzündən psixoloqlara müraciət edən şəxslərin sayı həddindən artıq çoxdur

Psixoloq Azad İsazadə bildirib ki, sosial şəbəkələr cəmiyyətdə ünsiyyət yaratmaq tələbindən yaranıb: “Şəhərlərdə daş evlərin içində oturub bir-birimizlə ünsiyyət qurmuruq. Sosial şəbəkələr imkan verdi ki, insanlar sərhədsiz, kimlə istəyir ünsiyyət qursun. Mən hesab etmirəm ki, sosial şəbəkələr birbaşa boşanmaların sayına təsir göstərir. Sadəcə ailə üzvlərindən biri sosial şəbəkədə kiminləsə ünsiyyət qurmuş həyat yoldaşını qısqana bilər. Amma bir şeyi başa düşməliyik ki, cütlükdə əks tərəf ünsiyyət axtarırsa, deməli, problem onun özündə deyil, əks tərəfdədir. Həmin şəxs qarşı tərəfə lazım olan ünsiyyəti verə bilmir ki, o da bunu kənarda, tanış olmayan insanda axtarır”. A. İsazadənin sözlərinə görə, sosial şəbəkələrin yaratdığı problemlər üzündən psixoloqlara müraciət edən şəxslərin sayı həddindən artıq çoxdur: “Bunların arasında hətta boşanmaya gətirən hallar da var. Şəbəkə sadəcə vəsait kimidir. Ailənin içində problem olur ki, kişi və ya qadın axşamlar internetdə yazışır. Amma internetdə cins yoxdur. Çünki orada yazılan kişi və ya qadın adının arxasında bilinmir kim oturub, onun sifəti necədir, yaşı neçədir. İnternet cinssiz mühitdir. Ona görə internetə qısqanmaq da düzgün deyil. Sadəcə, kimsə mənimlə ünsiyyət qurmursa, internetdə ünsiyyət qurursa, deməli, problem mənim özümdədir”. Psixoloq deyib ki, hazırda sosial şəbəkədə yaranmış problemlərlə əlaqədar ona müraciət edən 8 nəfərlə iş aparır.

Yanvar ayı başlayandan isə belə problemli 15 şəxsə psixoloq yardımı göstərib: “İldən-ilə internetlə bağlı edilən müraciətlərin forması dəyişir. İki il əvvəl daha çox kompyuter oyunları ilə bağlı problem yaranırdısa, indi daha çox sosial şəbəkələrlə bağlı müraciət edirlər. Adətən bir nəfər bütün şəbəkələrdə olur. Birindən çıxır, o birisinə girir. Bu zaman həm də gecə yuxusu ilə bağlı problem yaranır. Bütün gecəni otururlar, ünsiyyətdə olduqları insanlar gedib yatmayana qədər yatmırlar. İnsanları sosial şəbəkələrdə bu qədər vaxt keçirməyə ünsiyyətin çatışmazlığı vadar edir. Əsasən də gənclər ünsiyyət qurmaq, əylənmək üçün istər-istəməz maddi vəsait xərcləməlidirlər. Amma internetdə oturub eyni vaxtda bir neçə dostla ünsiyyətdə olmaq mümkündür. İnsanlar bir növ öz həyatlarını sosial şəbəkələrə açıb tökürlər. Burada heç bir norma yoxdur”. A. İsazadənin sözlərinə görə, psixoloqa müraciət edənlər içərisində yeniyetmələr, xüsusən də yeniyetmə qızlar üstünlük təşkil edir: “Əsas problem yenə də ünsiyyətdir. Oğlanlar yenə harasa çıxa bilirlər. Qızlar üçün isə evdən kənar ünsiyyət bir qədər problemləşib. Əsasən də axşamlar.

Əvvəllər telefon əsas ünsiyyət vasitəsi idi, indi “Facebook” onu əvəz edir. Elə olub ki, ailədə əvvəlcə biri, sonra onun acığına o biri internetdə tanışlıq yaratmağa başlayıb. Sonda ikisində də bu məsələ açılıb, konflikt yaranıb, proses boşanmaya qədər gəlib çıxıb. Demirəm səbəb şəbəkədə fəaliyyət göstərmək idi, amma bu, onların arasında olan çatı daha da genişləndirdi və son damla oldu”. Din sosial şəbəkələrdə tanışlıqların əleyhinə deyil “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirib ki, hər hansı yenilik, elmi tərəqqi dini baxımdan müsbət qiymətləndirilir. Problem heç də sosial şəbəkələrin varlığında deyil, onlardan hansı məqsədlərlə istifadə olunmasındadır: “İstisna eləmək olmaq ki, bəzi hallarda insanlar arasında virtual tanışlıqlar ailələrin dağılmasına səbəb ola, onların əxlaqına mənfi təsir göstərə bilir. Amma bunun günahını sosial şəbəkələrdə axtarmaq düzgün olmazdı. Ümumiyyətlə, bunun əsas günahını insanların bu və ya digər əxlaqi dəyərlərə bağlılığında görmək lazımdır. Şəbəkələrin varlığı müsbət haldır. İnsanlar kiminləsə ünsiyyət qurmaq, tanışlıqlarını artırmaq istəyir, bu normaldır. Din də bu cür tanışlıqların əleyhinə deyil. Əsas olan ünsiyyətin mövzusudur. Bu isə sosial şəbəkələrlə yox, cəmiyyətin mənəvi durumu ilə bağlıdır”. Azyaşlı uşaqların sosial şəbəkələrdə iştirakının əleyhinə olduğunu bildirən axund deyib ki, valideynlər tərəfindən bunun qarşısını almaq üçün nəzarət mexanizmləri olmalıdır: “Belə hallara qarşı mübarizə aparmaq üçün cəmiyyətin immuniteti olmalıdır. Azyaşlılar özbaşına buraxılarlarsa, bunun ciddi fəsadları ola bilər”. İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev də bildirib ki, Azərbaycanda internet və sosial şəbəkələrlə bağlı tənzimlənmə aparılmır. Ona görə də ölkədə sosial şəbəkələr tam müstəqil fəaliyyət göstərir: “Sosial şəbəkələrin müsbət cəhəti də çoxdur. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Amma sosial şəbəkələrdən düzgün istifadə etmədikdə müəyyən problemlərə rast gəlmək olar. Xüsusən insanların aldadılması, müxtəlif cərəyanlara cəlb edilməsi mümkündür. Ən vacib məqam insanların bu sahədə maarifləndirilməsidir. İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidirlər. Bilirsiniz ki, sosial şəbəkələrdə çoxlu sayda informasiya toplanır. Bu informasiyalardan pis məqsədlər üçün də istifadə edilə bilər. Buna görə də sosial şəbəkələrdə işləyərkən mütləq məlumatlı olmaq lazımdır. Orda gənclərimizi, qızlarımızı bizim istəmədiyimiz cərəyanlara cəlb etmək imkanları var. İnsanları aldadaraq, müəyyən münasibətlər quraraq onlardan sonra istifadə edə bilərlər. Bu təhlükə hər zaman var. Buna görə də insanlar çox diqqətli olmalıdırlar. Sosial şəbəkələrə daxil olarkən insan özü haqqında məlumatlar yerləşdirir. Öz profilinizi özü yaradır. Sonra həmin informasiyalar onun əksinə istifadə oluna bilər”. Bir daha internet asılılığının fəsadları barədə... İnternet asılılığı insanlarda bir sıra fiziki və psixoloji fəsadların yaranmasına səbəb olur. Bu isə həm onların özləri, həm də cəmiyyət üçün arzuolunmaz haldır.

Mütəxəssislərin qənaətincə, internet asılılığının əsas psixoloji fəsadları bunlardır: - Kompyuter arxasında özünü yaxşı hiss etmə və eyforiyaya qapanma; - Kompyuterdən ayrılmağın problemə çevrilməsi; - Kompyuter arxasında keçirilən vaxtın tədricən artması; - Ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq; - Kompyuterdən kənarda olarkən mənəvi boşluğun, depressiyanın, əsəb gərginliyinin yaranması; - Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə yalanlar uydurma; - İş və ya təhsillə bağlı problemlərin aranması. İnternetdə uzun müddət vaxt keçirmə karpal kanalı sindromu (əl əzələlərinin uzun müddət gərilməsi nəticəsində yaranan problem), gözlərdə quruluq, miqren tipli baş ağrıları, bel ağrıları, qida rejiminin pozulması, şəxsi gigiyenaya qarşı etinasızlıq, yuxusuzluq kimi fiziki fəsadlar da yaradır.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar